Raffi Ovanesyan: Bakıda erməni kilsəsinə gedəcəyəm, ermənilərlə görüşəcəyəm [Video]

Your browser doesn’t support HTML5

Ermənistanın keçmiş xarici işlər naziri Raffi Ovanesyan Dağlıq Qarabağ münaqişəsindən danışıb.

“Ovanesyanın fikirləri beynəlxalq ictimaiyyətin qəbul etdiyi baxışlar çərçivəsinə qətiyyən sığmır”, YAP sədrinin müavini Əli Əhmədov deyib.
“Hesab edirəm ki, keçmişin mirasından xilas olmaq lazımdır və hər bir tərəf özünə tənqidi yanaşmalıdır”. Bu barədə Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak edən Ermənistanın keçmiş xarici işlər naziri, İrs Partiyasının sədri Raffi Ovanesyan jurnalistlərlə söhbətində bildirib.

Qarabağ münaqişəsinin nizamlanması barədə sualın cavabında Ovanesyan deyib ki, “işğal” kimi terminlərdən istifadə etmək lazım deyil.

“Əgər bu məntiqlə yanaşsaq, onda erməni torpaqlarının böyük hissəsi Türkiyənin və Azərbaycanın işğalı altındadır. Odur ki, hesab edirəm ki, keçmişin mirasını aradan qaldırmaq lazımdır və hər bir tərəf özünə tənqidi yanaşmalıdır”, - o vurğulayıb.

“Ermənistan-Azərbaycan münaqişəsinə səbəb nədir” sualının cavabında o deyib ki, münaqişənin səbəbi “Azərbaycanın Qarabağ sakinlərinə qarşı təcavüzüdür”.

“Hər iki tərəf əziyyət çəkib, təkcə azərbaycanlı qaçqınlar deyil, erməni qaçqınlar da yara alıblar, bunu da yada salmaq lazımdır”, - o qeyd edib.

İrs Partiyasının lideri bildirib ki, Dağlıq Qarabağ sakinləri öz müqəddəratlarını təyin etmək hüququna malikdir.

“Ümid edirəm ki, sülhə nail ola və münasibətləri bərpa edə biləcəyik. Düşünürəm ki, bu o zaman baş verəcək ki, tərəflər bütün regiona görə məsuliyyət daşıdıqlarını anlayacaqlar.

Dağlıq Qarabağ sakinləri öz identifikasiyası haqda danışmaq hüququna malikdir və bu hüquqa hörmət etmək lazımdır, tərəflərin mədəni irsi məsələsində də identikliyə hörmət edilməlidir. Eyni zamanda kəskin fikirlər, ittihamlar dinc nizamlanma prosesinə xidmət etmir”.

O 700 min azərbaycanlı qaçqının problemlərini və Bakıdan, Sumqayıtdan qovulmuş 400 min erməni qaçqının hüquqlarını başa düşdüyünü deyib

“Onların hamısı öz torpaqlarına, o cümlədən azərbaycanlılar müstəqil Dağlıq Qarabağa və ermənilər Türkiyəyə qayıtmaq hüququna malikdir”, - o bildirib.

“Mən münaqişənin həllini axtarmaq üçün buradayam. Bu, mənim Bakıya ilk səfərimdir və ümid edirəm ki, erməni kilsəsinə gedəcəyəm, Bakıda çox az sayda yaşayan ermənilərlə görüşəcəyəm”, - R. Ovanesyan vurğulayıb.

Öz növbəsində Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov jurnalistlərə deyib ki, Ermənistanın keçmiş xarici işlər nazirinin fikirləri reallığı əks etdirmir.

“Onun dedikləri beynəlxalq ictimaiyyətin mövcud məsələlərlə qəbul etdiyi baxışları çərçivəsinə qətiyyən sığmır. Ermənistanın keçmiş xarici işlər nazirinin nə deməsindən asılı olmayaraq istər BMT, istərsə Avropanın mühüm qurumları, istərsə beynəlxalq birlik, o cümlədən də münaqişənin nizama salınması ilə məşğul olan ATƏT və Minsk qrupunun həmsədrləri Azərbaycanın torpaqlarının işğal olunması faktını dəfələrlə ifadə edib. Bundan əlavə, onlar Azərbaycanın ərazi bütövlüyün tanıdıqlarını açıq şəkildə bəyan ediblər. Hesab edirəm ki, bütün bunların hamısı Ermənistanın sabiq xarici işlər nazirinin səsləndirdiyi bu sərsəm bəyanatın tamamilə əsassız olduğunu təsdiqləyir”, Əli Əhmədov qeyd edib.