Azərbaycan və Çin xarici işlər nazirləri görüşüb

Elmar Məmmədyarov və Yanq İ

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çinə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yanq İ ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Yanq İ iki ölkə arasında əlaqələrin inkişafından və Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Çinin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin yaxınlığını deyən Elmar Məmmədyarov hər iki ölkənin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazığını dəstəklədiklərini vurğulayıb.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan Məmmədyarov bu xüsusda hökumətlərarası müştərək komissiyanın əhəmiyyətli rolunu qeyd edib. Azərbaycan Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəkləyir.

“Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsidir. Sınaq məqsədilə Çindən gələn konteyner qatarları bu marşrut üzrə uğurla son məntəqəyə çatdı. Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tezliklə işə düşməsi ilə bu imkanlar daha da artacaq”, Məmmədyarov qeyd edib.

Yanq İ iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı həmkarının fikirlərinə şərik çıxdığını, Çinin nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu deyib. O, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əməkdaşlığının əhəmiyyətini vurğulayıb.