Aleksandr Lukaşenko: Belorusun Azərbaycanla əməkdaşlıq perspektivləri böyükdür

Belorus prezidenti Aleksand Lukaşenko və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov

Belorus və Azərbaycan qarşılıqlı ticarətin həcmini artırmalıdırlar. Bunu oktyabrın 6-da Belorus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə deyib. “Biz bir çox malların istehsalı üzrə Azərbaycanı dayaq bazasına çevirməli və bu ərazidən regiona birgə məhsul satmalıyıq”, - Belorusun BELTA agentliyi Lukaşenkodan sitat gətirib.

Lukaşenkonun sözlərinə görə, onun ölkəsi Azərbaycanda Belorus texnikasının istehsalının inkişafına böyük diqqət yetirir. Bu, həm də ona görə vacibdir ki, Azərbaycan şirkətləri hər zaman belə layihələri maliyyə baxımından dəstəkləyir, prezident qeyd edib.

O deyib ki, iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlıq var və ölkələrin əməkdaşlıq perspektivləri böyükdür.

Öz növbəsində E.Məmmədyarov qeyd edib ki, ikitərəfli münasibətlərin Azərbaycan tərəfindən qiymətləndirilməsi Belorusun qiymətləndirməsi ilə üst-üstə düşür.

“Biz əmtəə dövriyyəsini də artırmaq niyyətindəyik. Çünki siyasi baximdan beynəlxalq arenada demək olar ki, bütün məsələlər üzrə mövqeyimiz üst-üstə düşür”, - o vurğulayıb.

Nazir Belorusa rəsmi səfər çərçivəsində bu ölkənin xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

Görüş zamanı ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belorus hökumətlərarası komissiyanın noyabrda keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlər müzakirə olunub.

Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, Minskdə görüş zamanı qarşılıqlı investisiyalar və uzunmüddətli iqtisadi layihələr müzakirə olunub. Qeyd olunub ki, hər iki ölkə yüksək texnologiyalar, kənd təsərrüfatı, sənaye sahələrində əməkdaşlıq üçün böyük imkanlara malikdir.