Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsini dəstəkləyir

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir

İki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı görüşü gözlənilir
Rəsmi Bakı Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyir. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bugünkü brifinqdə bildirib.

“Vyanada bu məsələ müzakirə olunub və biz belə görüşün keçirilməsinə razıyıq”, o vurğulayıb.

Nazirin sözlərinə görə, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü gözlənilir.

O həmçinin iyulun 22-də Brüsseldə "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Məmmədyarov iyulun 23-də Parisdə Fransa xarici işlər naziri ilə görüşəcək.

“Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Biz Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşün keçirilməsi barədə təşəbbüsü dəstəkləyirik”, o vurğulayıb.

Məmmədyarov hesab edir ki, iki icma arasında görüşlər ekspertlər, jurnalistlər arasında deyil, sadə vətəndaşlar səviyyəsində baş verməlidir. Amma, Ermənistan buna razılıq verməlidir. İnsanlar gedib yaxınlarının qəbirlərini ziyarət etməlidir.

“Bir müddət əvvəl Rusiyanın təşəbbüsü ilə Azərbaycanın və Ermənistanın Moskvadakı səfirlərinin iştirakı ilə qarşılıqlı görüşlər oldu. İki görüşdən sonra Ermənistan görüşlərə qadağa qoydu”, nazir qeyd edib.