Ali Məhkəmə jurnalistin cəza müddətini 16 ildən 13 ilə endirib

Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası

Bu gün, fevralın 24-də Azərbaycan Ali Məhkəməsində hakim Hafiz Nəsibovun sədrliyi ilə dövlətə xəyanətdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilən Polad Aslanovun kassasiya şikayətinə baxılıb.

İclasda təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov ittihamın əsassız olduğunu vurğulayıb. 2019-cu ilin iyununda saxlandıqdan sonra 19 saat ərzində o, psixoloji təzyiqə məruz qalıb və həyat yoldaşının həbsi ilə hədə-qorxu gəlindikdən sonra ittihamı etiraf edib.

Vəkil bildirib ki, Aslanov İrana ziyarət təşkil edən turizm şirkətlərindən hüquq mühafizə orqanlarının əməkdaşlarının rüşvət tələb etməsi ilə bağlı üç məqalə dərc edib. Jurnalist buna görə həbs edilib.

"Bu nəşrlər ittiham tərəfinin materiallarında da qeyd olunub. İttiham tərəfi iddia edib ki, Aslanov İranda xüsusi xidmət orqanının nümayəndəsi ilə gizli görüşlər keçirib. Lakin bu iddialarda etibarlı sübut yoxdur.

Bundan başqa, bəzi şahidlər məhkəməyə gəlməyib və məhkəmə onların məcburi gətirilməsini təmin etməyib, ona görə də onların ifadəsi sübut sayıla bilməz. Məhkəmədə çıxış edən şahidlər birbaşa Aslanovun əleyhinə ifadə verməyiblər," Sadıqov qeyd edib.

Vəkil jurnalistin məhz peşəkar fəaliyyətinə, xüsusi xidmət orqanlarının ünvanına tənqidi fikirlərinə görə təqib edildiyini qeyd edib və məhkəmədən ona bəraət verilməsini istəyib.

Aslanov vəkilin çıxışını dəstəkləyib və həbsindən keçən 3 il ərzində özünün və ailəsinin təzyiqlərə məruz qaldığını vurğulayıb.

O, Avropa Məhkəməsində ədalət axtarmamaq üçün Ali Məhkəməni ədaləti bərpa etməyə çağırıb.

Dövlət ittihamçısı bildirib ki, Aslanovun təqsiri sübuta yetirilib, lakin yüngülləşdirici hallar var - əvvəllər məhkum olunmaması, habelə ailə vəziyyəti, azyaşlı övladının olması nəzərə alınmaqla cəzası 3 il müddətinə azaldıla bilər.

Beləliklə Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişdirərək, həbs müddətini 16 ildən 13 ilə endirib.

Vəkil Sadıqov jurnalistlərə bildirib ki, müdafiə tərəfi Strasburq məhkəməsinə müraciət edəcək.

Xeberman.com saytının təsisçisi və rəhbəri Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanətdə ittiham edilərək həbs edilib və 16 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.