Azərbaycan Amerika Cəmiyyəti 55 illiyini qeyd edib

Tomris Azeri

Nyu-Yorkda Cəmiyyətin 55 illik yubileyi və Azərbaycanın Müstəqillik günü münasibətilə təntənəli tədbir keçirilib
Oktyabrın 18-də Nyu-Yorkda ABŞ-da fəaliyyət göstərən ilk diaspora təşkilatı olan Azərbaycan Amerika Cəmiyyətinin 55 illiyi və Azərbaycanın Müstəqilliyinin 21 illiyinin tamam olması münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir Nyu-Yorkun məşhur İmperiya Dövlət binasında keçirilib.

Azərbaycan Amerika Cəmiyyətinin mətbuat üçün açıqlamasında deyilir ki, tədbirə Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Makedoniya, Özbəkistan və Tacikistanın yüksək səviyyəli diplomatları, Nyu-Yorkdakı hökumət orqanları, qeyri-hökumət təşkilatları və biznes təşkilatlarının təmsilçiləri, Amerikada Azərbaycan, türk və yəhudi icmalarının nümayəndələri, Kolumbiya və Nyu-York universitetlərinin tələbələri qatılmışlar.

Azərbaycan Amerika Cəmiyyətinin xarici əlaqələr şöbəsinin müdiri Emin Həsən tədbiri açaraq, təşkilatın tarixi haqda qonaqlara məlumat verib. Nyu-Yorkda yaşayan opera muğənnisi Aleksandriya Sultanzadə von Brüsseldorf ABŞ və Azərbaycanın dövlət himnlərini ifa edib.

Daha sonra tədbirdə ABŞ-ın keçmiş konqresmeni Maykl MakMahon, Azərbaycan Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi səfir Aqğin Mehdiyev, Azərbaycan-Amerika Şurasının baş direktoru Cavid Hüseynov, Science televiziyasının aparıcısı Denni Forster, Amerika-Türk Birlikləri Federasiyasının prezidenti Əli Çinar, Türk Mədəniyyət Fondunun direktoru Nurtel Ural, Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov, Diasporla iş üzrə Azərbaycan Dövlət komitəsinin nümayəndəsi Cavanşir Zeynalov, Qafqaz Yəhudilərinin Gənclər Mərkəzinin direktoru Lyuba Yusufov toplaşanlar qarşısında çıxış ediblər. Natiqlər Azəbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyi müddət ərzində qarşılaşdığı çətinliklər və əldə etdiyi uğurlardan danışmış, həmçinin Azərbaycan Amerika Cəmiyyətinin Amerikada ilk Azərbaycan diapor təşkilatı kimi fəaliyyətindən və aparıcı rol oynamağa davam etməsini vurğulamışlar.

Bununla yanaşı, Azərbaycan Amerika Cəmiyyətinin 55 illiyi münasibətilə Nyu-York ştatının qubernatoru Endrü Kuomonun, Azərbaycan Xarici İşlər nazirinin müavini və Azərbaycan Respublikasının ABŞ-da ilk səfiri olmuş Hafiz Paşayev, İsrailin Nyu-Yorkdakı Baş konsulu səfir İdo Aharoninnin, İsrail və Kanadada icma liderlərinin təbrikləri oxunub.

Tədbir Azərbaycan muğamını Amerikada tərənnüm edən musiqiçi Cefri Verbok, opera ifaçısı Aleksandriya Sultanzadə və Nyu-Yorkda fəaliyyət göstərən Mərkəzi Asiya Vətən musiqi qrupunun konsert proqramı başa çatıb.