Azərbaycan Ukrayna qaçqınlarına 29 ton humanitar yardım göndərib

Aprelin 15-də Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib.

Rəsmi məlumata görə, ümumi dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.

Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar bildirib ki, dost ölkə olan Azərbaycan bu çətin dövrdə Moldovaya kömək edir.

“Bir çox Ukrayna vətəndaşı Moldova ərazisindən istifadə etməklə digər ölkələrə keçsələr də, hazırda 100 minədək ukraynalı müvəqqəti olaraq Moldova ərazisində məskunlaşıb. Bu isə ölkə əhalisinin, təqribən, 4 %-ni təşkil edir,” o qeyd edib.

Azərbaycan bu il fevralın 27-də və martın 12-də ukraynaya ümumi dəyəri 21,5 milyon manat (11,5 milyon avro) olan dərman vasitələri və tibbi vasitələr, eləcə də ərzaq və qida məhsulları göndərib. İndiyədək Azərbaycan hökuməti və ictimaiyyət Ukraynaya ümumilikdə 520 tonadək humanitar yardım göndərib.