Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bioloji silahla bağlı iddiaları təkzib edib

Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Rusiya rəsmiləri tərəfindən Azərbaycanda bioloji silahlar üzrə üçüncü dövlətlərin elmi tədqiqatlar aparması barədə iddialarını təkzib edib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin 7 may tarixli bəyanatında deyilir ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmayıb.

“Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur," bəyanatda qeyd edilir.

Sənəddə bildirilir ki, son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib.

“Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir," DTX qeyd edir.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğunu bildirib.

Eyni zamanda, sənəddə bu iddiaların nə vaxt səsləndirildiyinə dəqiqlik gətirilmir.