Vaşinqtonda Azərbaycanın Respublika günü qeyd edilib

28 May Vaşinqtonda Azərbaycanın Milli günü elan edilib

Azərbaycan Respublikasının yaradılmasının 94-cü ildönümü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən paytaxt Vaşinqtonda rəsmi ziyafət keçirilmişdir. Tədbirdə ABŞ hökumətinin rəsmiləri, Konqres üzvləri, Vaşinqtondakı diplomatik missiyaların nümayəndələri, Birləşmiş Ştatlarda Azərbaycan və türk icmasının üzvləri iştirak ediblər.

Tədbir amerikalı müğənni Valeri Doukinsin Amerika Birləşmiş Ştatları və Azərbaycanın dövlət himnlərini ifa etməsi ilə başlamışdır.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirə toplaşanlar qarşısında çıxış edərək, müsəlman şərqində ilk demokratik respublikanın yaradılmasının Azərbaycanın müasir tarixində əhəmiyyətini qeyd etmişdir. Səfir müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan və ABŞ arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu, iki ölkənin bu münasibətlərdən bəhrələndiyini demişdir.

Elin Süleymanov son 20 ildə Azərbaycanın diplomatik uğurlarından biri kimi BMT Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi icra etdiyini vurğulamışdır. O, qərbin və şərqin mədəni ənənələrini özündə birləşdirən dünyəvi bir ölkə kimi çıxış edən Azərbaycanın Bakıda Eurovision 2012 mahnı müsabiqəsinə ev sahibliyi etdiyini xüsusi qeyd etmişdir.

Tədbirdə çıxış edən Ohayo ştatının Milli Qvardiyasının komandanı general-mayor Mayls Derinq Azərbaycan və ABŞ arasında strateji müttəfiqlik əlaqələrindən danışmış və Azərbaycan xalqına təbriklərini çatdırmışdır.

Daha sonra Vaşinqton şəhərinin meri Vinsent Qreyin Azərbaycanın Respublika günü münasibətilə təbriki və Azərbaycan Respublikasının 94-cü ildönümü münasibətilə 28 mayın Azərbaycanın milli günü kimi tanınmasına dair imzaladağı rəsmi fərmanı təqdim olunmuşdur.

Vaşinqton merinin fərmanında 1919-cu il mayın 28-də yaranmış müsləman şərqində ilk parlamentar respublika olan Azərbaycanın Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra dövlətlər tərəfindən tanınması, bu il ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin tamam olması, Azərbaycan və ABŞ arasında qurulmuş möhkəm əlaqələrin durmadan genişlənməsi, Azərbaycan əsgərlərinin Əfqanıstanda və Kosovoda sülhümühafizə missiyalarında iştirak etməsi ilə ölkənin beynəlxalq təhlükəsizliyə töhfə verməsi kimi faktlar göstərilmişdir.

Tədbir iştirakçıları arasında olan ABŞ konqresinin üzvü, Ohayo ştatından respublikaçı nümayəndə Cin Şmidt Amerikanın səsinə ABŞ-ın müstəqil Azərbaycana dəstəyi və iki ölkə arasında münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd etmişdir. “Ölkələrimiz arasında gözəl tərəfdaşlıq əlaqələri mövcuddur. Azərbaycan müstəqilliyini qazandığı gündən bəri bu əlaqələr müsbət istiqamətdə durmadan inkişaf edir. Mən inanıram ki, Azərbaycan Avrasiyada əsas oyunçulardan birinə çevriləcək. Azərbaycanın geo-siyasi mövqeyini və onun zəngin enerji ehtiyatlarını nəzərə alsaq, üstəlik dünyada enerjiyə tələbatın artdığını götürsək, bu ölkənin regionda nə qədər mühüm rol oynadığını görürük. Mən iki dost ölkə arasında ikitərəfli münasibətlərin daha da genişlənəcəyinə inanıram”-deyə xanım Şmidt bildirib.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Erik Rubin Amerikanın səsinə deyib ki, Birləşmiş Ştatlar gənc müstəqil Azərbaycanı güclü demokratik ölkə kimi görmək istəyir. “20 il bundan əvvəl Azərbaycanın müstəqillik yolunda haradan başladığını unutmamalıyıq. Bu illər ərzində Azərbaycanda mühüm inkişaflar müşahidə edilib. Azərbaycan müstəqiliyini bərpa etməklə yanaşı, vətəndaş cəmiyyəti və demokratik sistem qurur. Biz bu işdə Azərbaycana əvvəlcədən dəstəyimizi bildirmişdik və bunun etməyə davam edirik. Azərbaycanla münasibətlər bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz inanırıq ki, müstəqil Azərbaycanın mövcudluğu region üçün böyük əhəmiyyət daşıyır. Biz Azərbaycanda demokratik cəmiyyət qurucluğuna dəstək veririk və bununla yanaşı, öz tənqidlərimizi də çatdırırıq. Məsələn, keçən həftə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair açıqlanmış illik hesabatda biz vəziyyətin düzəlməli olduğunu düşündüyümüz bir neçə sahəyə toxunmuşuq. Biz bunu konstruktiv şəkildə, lakin eyni zamanda, Azərbaycanın müstəqilliyinə, demokratik və son 20 ildə böyük nailiyyətlər əldə etmiş dövlətə dəstək prinsipinə əsasən edirik”-deyə Erik Rubin bildirib.

Azərbaycan Respublikasının yaradılmasının 94-cü ildünümü münasibətilə rəsmi ziyafət Vaşinqtonun tarixi Corctaun hissəsində keçirilmişdir. ABŞ-ın müxtəlif ştat və şəhərlərində Azərbaycanın Respublika günü bu il müxtəlif tədbirlərlə qeyd edilmişdir. Birləşmiş Ştatların bir sıra ştatlarında 28 may Azərbaycanın Milli günü elan edilmişdir.