Ekspert: Pensiyaların indeksləşdirilməsi qiymət artımını əhatə etmir

Pensiya

Prezident İlham Əliyev fevralın 8-də “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama görə, 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib.

Bu artımla bərabər, sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur.

2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib. Bu artımla bərabər, sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Nazirlik bildirir ki, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. 300 manatadək pensiya alan şəxslərdə bu artım 10%-dək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olacaq.

“Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini (6,7%) üstələyir ki, bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir. Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək. Qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub,” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd edib.

Sosial-iqtisadi məsələlər üzrə ekspert Rəşad Həsənov Amerikanın Səsinə müsahibəsində bildirib ki, pensiyaların 2022-ci il üzrə indeksləşdirilməsi qiymət artımını əhatə etməyib.

Your browser doesn’t support HTML5

Ekspert: Pensiyaların indeksləşdirilməsi qiymət artımını əhatə etmir

“2021-ci ildə ciddi infliyasiya qeydə alınıb. Rəsmi olaraq 7 faiz inflyasiya etiraf olunub, amma reallıqda 15-20 faiz arasında infliyasiyanın olduğunu bilirik. Xüsusilə də azgəlirli vətəndaşlar üçün infliyasiya təzyiqi daha güclüdür. Çünki onlar daha çox zəruri gündəlik ərzaq məhsullalrı istehlak edən sosial qrupdurlar. Ərzaq məhsulları üzrə illik infliyasiya isə rəsmi rəqəmlərdə 12 faizə çatırdı. Belə olan halda orta əmək haqqının artımını nəzərə almaqla həyata keçirilən indeksləşdirmə əslində yaranmış infliyasiya təzyiqlərini neytrallaşdırmır. Əksinə, həmin sosial qrupun kəskin şəkildə yoxsullaşması üçün təzyiq yaradır. Baxmayaraq ki, minimum pensiyanın 20 faiz artırılması ilə bağlı da qərar qəbul edildi, məbləğ 200 manatdan 240 manata çatdırıldı. Bu da çox az bir sosial qrupu, hökumətin özünün təısdiq etdiyi kimi 44 min insanı əhatə edir. Hansı ki 1 milyon 200 min pensiyaçı var,” o qeyd edib.

Rəşad Həsənov

Ekspert prezident sərəncamı ilə pensiyaçılara 200 manat maddi yardımın verilməsini müsbət qiymətləndirir. Bu aylıq 16 manat artım deməkdir.

”Bu gün Azərbaycanda orta pensiya 340 manatdır. Rəsmi infliyasiyanı nəzərə alsaq, orta pensiya məbləği ildə azı 300 manat, yəni aylıq orta pensiya məbləği 370 manata qaldırılmalı idi ki, infliyasiyanı konpensasiya etsin. Amma, 3,4 faizlə aparılan indeksasiya bunun cəmi 100 manatını əhatə edir. 200 manat isə havada qalır. Bir daha qeyd edirəm ki, bu rəsmi rəqəmlərdir. Amma, real infliyasiya daha çoxdur. Pensiyaların artırılması müsbət addım olsa da, aztəminatlı sosial qrupun öncəki ildəki istelak gücünü qoruyub saxlamayacaq.”

3,4 faizlə aparılan indeksasiya bunun cəmi 100 manatını əhatə edir. 200 manat isə havada qalır. Bir daha qeyd edirəm ki, bu rəsmi rəqəmlərdir. Amma real infliyasiya daha çoxdur.
Rəşad Həsənov, ekspert

Həsənov bildirib ki, 2021-ci il oktyabrın sonuna olan rəsmi məlumatlara görə ölkədə 1 milyon 205 min pensiyaçı var.

”Bunların 44 mini minimum səviyyədə 200 manat pensiya alırdı. 800 min nəfər adi pensiya alır, 350 min nəfərə yaxını isə dövlət qulluğuna görə əlavələrin hesablanması ilə pensiya alır. Hansı ki, dövlət qulluqçularının maaşları artırılanda bu qrupun pensiyalarına əlavələr hesablanır.”

Ekspert hesab edir ki, ölkədə pensiya islahatı aparılmalı, pensiya təminatı sistemi yenidən işlənməlidir.

“Pensiya təminatı sistemi təşviqedici deyil. 2017-ci ildə bu sistemə edilən dəyişikliklər kifayət qədər nöqsanlıdır. 2022-ci ildə ortaya çıxan vəziyyət də bu təzadı özündə göstərdi. Çünki dünyanın heç bir ölkəsində pensiyaların indeksləşdirilməsi orta əmək haqqının artım tempi ilə uzlaşdırılmır. Bu, Azərbaycanda da əvvələr tətbiq edildiyi kimi, istehlak qiymətlərinin indeksi ilə, yəni infliyasiya ilə uzlaşdırılır ki, qiymət artımı təzyiqini neytarallaşdıra bilsin. 2017-ci ildə “Pensiya sistemi haqqında” qanunda edilən dəyişikliklər belə qeyri-ciddi yanaşmanın ortaya çıxmasına gətirib çıxardı.”

Həsənov hesab edir ki, hökumət “Əmək pensiyası haqqında” qanunun yenidən işlənməsi, pensiya təminatı sisteminin təkmilləşdirilməsi ilə bağlı daha etibarlı mövqe ortaya qoymalıdır.

“Burada həm indeksləşdirmə, həm yaş həddinin aşağı çəkilməsi nəzərə alınmalıdır. Eyni zamanda 1 milyon 700 minə yaxın kənd təsərrüfatı sahəsində məşğul olanların pensiya təminatı ilə bağlı mexanizmlər təkmilləşdirilməlidir. Daha etibarlı və davamlı bir sistem formalaşdırlmalıdır,” ekspert Amerikanın Səsinə deyib.