Şəmşad Ağa: Media haqqında yeni qanun azad sözü boğa bilməyəcək

Ötən ilin dekabrın 30-da Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib.

Bu qanun layihəsinə müstəqil jurnalistlərin etirazı davam edir. Onlar hesab edir ki, bu qanun layihəsinin qəbul edilməsində məqsəd ölkədə söz azadlığını boğmaq və sosial şəbəkələri hakimiyyətin nəzarətində saxlamaqdır.

Toplum TV-nin aparıcısı, arqument.az qəzetinin baş redaktoru Şəmşad Ağa bu qanuna etiraz edənlərdən biridir.

Your browser doesn’t support HTML5

Şəmşad Ağa: Media haqqında yeni qanun Azərbaycanda azad sözü boğa bilməyəcək

O hesab edir ki, yeni media haqqında qanun Azərbaycanda azad sözü boğa bilməyəcək.

"Bunun icra mexanizmi yoxdur. Tutaq ki, reyestr ilə bağlı məsələ. Deyirlər ki, məcburi gəlib reyestrdən keçməlidir. Yaxşı kimsə keçmədi. Cəza mexanizmi nədir ? Nə tətbiq edəcəksiniz ? Niyə qanunda yoxdur ? Niyə izah olunmur ? Yaxşı mən gedib keçməyəcəm bu qeydiyyatdan. Nə tədbir görəcəksiniz ? Qanun ümumilikdə mürtəcidir. Qeyri-peşəkar hazırlanmış qanundur. Sadəcə qadağalar toplusudur.Onsuz da medianın azadlığı uğrunda nə qədər insan bu ölkədə mübarizə aparır ki? Böyük bir media kontingenti ya pulla alınıb, ya iqtisadi aslılığa salınıb. Digərləri təzyiqlərə məruz qalıb. Yarısı bloklanıb. Digərlərinə reklam qapıları bağlıdır. Reklam bazarı ölkədə azad deyil. Belə bir şəraitdə bir ovuc müstəqil jurnalist qalıb, onlara qarşı repressiv bir qanun hazırlayıblar ki, onun qarşısını alsınlar. Nə qədər desələr də yalan danışırlar , vaxtilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda nəzərdə tutulanda da deyirdilər ki, biz bunu internet saytlar üçün eləmirik digər ölkənin yəni milli maraqlara zidd olan saytlara qarşı bunu tətbiq edəcəyik .Nəticə nə oldu? Azad fikri boğmağa çalışdılar. Amma boğa bildilərmi? Yox."

Mehdia hüquqları üzrəekspert hüquqşünas Xalid Ağaliyev isə bu qanun layihəsinin Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və standartlara cavab vermədiyini deyir.

Xalid Ağaliyev

“Media haqqında qanun layihəsinin hazırlanması prosesi xeyli dərəcədə qapalı aparılıb. Bu qanun layihəsi əslində Azərbaycan qanunvericiliyinə görə informasiya əldə edilməsi qanuna görə razılaşdırılmağa göndərildikdən ən azı 30 gün əvvəl ictimaiyyətə açıqlanmalı idi ki, müzakirələr getsin və ictimaiyyəti narahat edən məqamlar qanunla aradan qaldırılsın. Bu tələbə əməl edilməyib. Həm də bu qanun elə bir qanundur ki, o bütövlükdə Demokratik İnstitutların fəaliyyətinə təsir göstərəcək. Belə qanunların qəbulu proseduruna gəlincə Avropa Şurası öhdəliklərindən çıxış etsək, mütləq hökümət bunun ictimai müzakirəsini keçirməli idi, və eyni zamanda Avropa Şurasının Venesiya Komissiyasına və digər beynəlxalq ekspertizanın rəyindən keçməli idi. Bu addımlar atılmayıb. Bu baxımdan qanunun qəbulu prosesində dediyim problemlerin olduğunu vurğulamaq lazımdır.

Bir müddət əvvəl Amerikanın Səsinə açıqlama verən deputar Fazil Mustafa isə hesab edir ki, hər hansı bir şəxsin fikrini ifadə etməsinə heç bir məhdudiyyət qoyulmur.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Bu yaxınlarda Media ictimaiyyətinin bir qrup nümayəndəsi prezident İlham Əliyevi “Media haqqında” qanunu imzalamamağa çağırıb.

Azərbaycan rəsmiləri deyilənlərin əksini düşünür

Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Milli Məclis

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.

Bununla yanaşı media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı iyirmidən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində göstərlir ki, bu indeks üzrə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Lakin, yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin daha ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.