Azərbaycanın yerli ekspertləri, hüquq müdafiəçiləri “Vətəndaş və İnkişaf” Partiyasının lideri Əli Əliyevin hərbçi Emil Cəfərovun şikayəti üzrə 5 ay müddətinə azadlıqdan məhrum edilməsini Azərbaycanda diffamasiyaya qarşı mübarizəyə təkan verdiyini deyirlər.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə Azərbaycanda “Diffamasya haqqında qanun”un qəbul edilməli olduğunu deyib.
“Məsələ bundadır ki, hökümət xüsusilə diffamasiya iddalarının cinayət məsuliyyəti daşımasını zaman-zaman bununla əlaqələndirir. Azərbaycanda belə bir ata sözü var: qılınc yarası sağalar, söz yarası sağalmaz. Əslində isə reallıq bu deyil. Reallıq daha çox praktikada iddaları qaldıran tərəflərin statistikasına baxanda biz son 15 illik statistikasında görürük ki, 85 faiz ictimai fiqurlar, siyasətçilərdir iddia qaldıran. Bu da onu göstərir ki, bunun cinayət məsuliyyəti olub bir çox hallarda tənqid və tənqid sərhəddini aşan böhtan və yaxud sərt tənqid məsələsində narahatdır rəsmi qurumlar. Onu məhz cinayət təqibi ilə dayandırmağa meyillidirlər. Əslində qəbul olunmamasının səbəbi budur. Daha çox məmurları qoruyur , siyasətçiləri qoruyur, informasiyaalrı gizlədən , büdcəni talayanları qoruyur. Beləliklə, onlar haqqında hətta ehtimalları və yaxud təsdiq olunmamış məlumatları yaymaqdan belə çəkindirir.”
Öz növbəsində Azərbaycan Milli Məclisinub İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc Amerikanın Səsinə deyib ki, diffamasiya ilə bağlı Avropa Şurasına daxil olan ölkələrin “heç də hamısında qanunvericilik aktı qəbul edilməyib. Lakin buna maxmayaraq komitə olaraq bu istiqamətdə müxtəlif planları var”.
“Mən düşünürəm ki, diffamasiya məsələsində ilk növbədə medianı, cəmiyyəti , müvafiq hakimiyyət institutlarının hazırlanması gərək olardı.Bu istiqamətdə komitə olaraq bizim müxtəlif planlarımız var. Ümidvaram ki, qarşıda biz bunu reallaşdıra bilək”, o bildirib.
Xatırlatma
Diffamasiya nədir? Diffamasiya başqasının şərəf və ləyaqətini alçaldan həqiqətəuyğun olmayan məlumatın yayılmasıdır. Azərbaycan Respublikası Cinayət məcəlləsinin böhtan və təhqirə görə məsuliyyətin nəzərdə tutulduğu 147 və 148-ci maddələrinin Cinayət Məcəlləsindən çıxarılması Azərbaycanın Avropa Şurasına qəbul olarkən üzərinə götürdüyü öhdəliklərdən biridir, lakin hələ də icra edilməyib.
Üstəlik 2019-cu ildə Azərbaycanda böhtan və təhqirə görə cinayət məsuliyyətinin tətbiq dairəsi genişləndirilib. Cinayət Məcəlləsinə dəyişiklik edilərək 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsi əlavə olunub.
Bu maddələrə görə, ən yüngül cəza 1000 manatdan 1500 manata qədər cərimədir. Ən ağır cəza isə 3 ilədək müddətə azadlıqdan məhrumetmədir. Bundan əlavə, Cinayət Məcəlləsinin 323-cü maddəsi Azərbaycanın dövlət başçısına yönəlik ləkələyici ifadələrin yayılması məsələsinə aiddir. Həmin maddədə ən yüngül cəza 2 ilədək islah işləri, ən ağır cəza isə 5 ilədək azadlıqdan məhrumetmədir.
Müstəqil media nümayəndələri indiyə kimi Azərbaycanda bir neçə dəfə diffamasiya ilə bağlı qanun layihələri hazırlasalar da, bunların qəbuluna nail ola bilməyiblər.
Media ekspertləri qeyd edir ki, qanuna edilən əlavələrdən sonra son illər Azərbaycanda vətəndaşlara, ictimai siyasi xadimlərə və jurnalistlərə qarşı diffamasiya ittihamları çoxalıb.
Rəsmilər nə deyir?
Keçən ilin oktyabrında Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə deyib ki, agentlik “Diffamasiya haqqında” qanunun hazırlanması ilə bağlı araşdırmalar aparır. Lakin Media İnkişaf Agentliyi bununla bağlı Amerikanın Səsinin suallarını hələ cavablandırmayıb.