Yədulla Kənani: Azərbaycan Demokrat Firqəsinin yaranması tarixi zərurət idi [Audio]

Yədulla Kənani

1945-ci ilin sentyabrında Təbrizdə Azərbaycan Demokrat Firqəsinin (Partiya) təsisinin 69-cu ildönümü münasibəti ilə Amerikanın Səsinə müsahibə verən güneyli siyasi fəal Yədulla Kənani partiyanın yaranma səbəblərini təhlil etməklə yanaşı, Azərbaycan Milli Höküməti dönəmindən bəri Güney Azərbaycan və İranda sol qrupların qeyri-fars xalqların haqları və milli məsələ istiqamətində fəaliyyətlərini dəyərləndirib.

Your browser doesn’t support HTML5

Yədulla Kənani Azərbaycan Demokrat Firqəsinin tarixindən danışır

Yədulla Kənaninin sözlərinə görə, Azərbaycan Demokrat Firqəsi məşrutə dönəmindən sonra İran Azərbaycanında dağınıq şəkildə cərəyan edən demokratik və inqilabi hərəkatların birləşməsi ehtiyacına cavab olaraq meydana çıxdı.

Məşrutə dövründən sonra, demokratik cəbhə dağınıq və pərakəndə hərəkatlardan ibarət olduğu üçün öz hədəflərinə çata bilmirdi... İkinci Dünya Müharibəsi əsnasında, Qərb Müttəfiqlərinin İrana girməsi ilə bərabər bu pərakəndə hərəkatın birləşməsi üçün bir fürsət yarandı... Bir çox qrupun birləşməsi ilə Seyyid Cəfər Pişəvərinin öndərliyində Azərbaycan Demokrat Firqəsi təsis edildi.
Yədulla Kənani

“Məşrutə dövründən sonra, demokratik cəbhə dağınıq və pərakəndə hərəkatlardan ibarət olduğu üçün öz hədəflərinə çata bilmirdi... İkinci Dünya Müharibəsi əsnasında, Qərb Müttəfiqlərinin İrana girməsi ilə bərabər bu pərakəndə hərəkatın birləşməsi üçün bir fürsət yarandı... Bir çox qrupun birləşməsi ilə Seyyid Cəfər Pişəvərinin öndərliyində Azərbaycan Demokrat Firqəsi təsis edildi,” deyə Kənani Firqənin yaradılışının tarixi bir zərurət olduğunu ifadə edir.

21 Azər dərgisinin əməkdaşı sadəcə Azərbaycanda deyil, ümumiyyətlə İranda da qeyri-fars xalqların haqlarının təmin edilməsi istiqamətində ortaya qoyulan “milli məsələ” söyləminin sol qruplar tərəfindən gündəmə gətirildiyini irəli sürür.

Güneyli milli fəallar iranlı solçu qruplar və partiyaların qeyri-farsların haqları ilə bağlı səssiz qaldığı, hətta bəzi durumlarda pan-İranıstlərlə parallel hərəkət etdiyini irəli sürərək onları tənqid edirlər. Lakin Yədulla Kənani bu tənqidlərə qatılmır. Onun fikrincə, gerçək mənada sol dəyərlərə inanan bütün İran meyilli qruplar da milli məsələyə önəm verir və onu muxtəlif hallarda gündəmə gətirməyə çalışırlar.

Azərbaycan Respublikasında mühacirətdə yaşayan güneyli fəalın sözlərinə görə, sol qruplar milli məsələ ilə bağlı fəaliyyətlərində əməldə zəif olsalar da, partiyalarının proqramlarında qeyri-fars millətlərin haqlarına açıq şəkildə işarə ediblər.

Kənani həmçinin İran Azərbaycanından olan sol qrupların da fəal olduqlarına inandığını ifadə edərək, ölkə xaricində fəaliyyət göstərən Azərbaycan Federal-Demokrat Hərəkatı, eləcə də AzərbaycanSol Günaz kimi veb səhifələri güneyli sol qrupların nümunəsi olaraq sadalayır.

Onun dediklərinə görə, ölkə içində də bir çox solçu fəal qeyri-hökümət təşkilatlar daxilində öz fəaliyyətlərini davam etdirirlər.