Martın 6-da Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Ukraynaya humanitar yardım aksiyasına qoşulub.
Partiya bildirir ki, təşkilat üzvlərinin ianələri hesabına aldıqları dərmanlar, sarğı materialları, tibbi ləvazimatlar, yorğanlar və digər zəruri əşyalar qablaşdırılaraq Ukraynanın Azərbaycandakı Səfirliyinin qarşısında fəaliyyət göstərən humanitar yardım komissiyasına təhvil verilib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayan gündən Azərbaycan ictimaiyyəti Ukraynaya humanitar yardım aksiyasına başlayıb. Ölkə ictimaiyyəti Ukrayna Səfirliynin qarşısına gələrək lazım olan dərmanları, tibbi ləvazimatları, ərzaq məhsullarını və digər əşyaları humanitar yardım komissiyasına təhvil verir. Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlıların ailə üzvləri də humanitar yardım aksiyasında iştirak edib.
Azərbaycan hökuməti də Ukraynaya humanitar yardım edir. Martın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Ukraynanın müraciətinə əsasən, 24 saat ərzində Azərbaycan 5 milyon 500 min avro məbləğində humanitar yardım olan dərman vasitələrini Polşa üzərindən Ukraynaya çatdırıb.