Səhiyyə Nazirliyi Azərbaycanda koronavirusa yoluxmada artımla bağlı əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi

Son zamanlar Azərbaycanda koronavirusa yoluxmada artım müşahidə edilir. Bu baxımdan Səhiyyə Nazirliyi vətəndaşları karantin rejimi qaydalarına əməl etməyə çağırıb.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bəzi Avropa ölkələrində “omikron”un yeni alt növünün müəyyən edilməsinə münasibət bildirib.

“Bunu nəzərə alaraq gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edərdim. Bunu deyərkən gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam," Səhiyyə Nazirliyinin rəsmi internet saytında yayılan məlumatda deyilir.

Bundan əlavə, nazirlik rəsmisi virusdan qorunmaq üçün nələrə diqqət edilməli olduğunu da bildirib: "Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələrini tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm."

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə ikinci “buster” dozanın tətbiq edilməsini tövsiyə edib.

Xatırlatma

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması, aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib.