Azərbaycanda koronavirusa yoluxanların sayı azalmaqda davam edir

Azərbaycanda koronavirusa yoluxanların sayı son günlərdə azalmaqda davam edir.

Bu gün, fevralın 19-da koronavirus infeksiyasına 3 690 yeni yoluxma faktı qeydə alınıb, 6 963 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Dünən yoluxanların sayı 3 817 nəfər olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada 29 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 771 709 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 727 828 müalicə olunaraq sağalıb, 9 211 nəfər vəfat edib. 34 670 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 215, bu günə qədər isə ümumilikdə 6 473 728 test icra olunub.

Müşahidəçilər hesab edir ki, mövcud statistika reallığı əks etdirmir. Belə ki, ölkədə omikron ştamı daha geniş əhatədə yayılıb. Ancaq bu ştama yoluxanlarda yüksək temperatur müşahidə edilmir və Azərbaycanda Təcili Tibbi Yardım xidməti yalnız temperaturu 38-dən yüksək olan xəstlərddən COVID testi götürür.

Omikron ştamının geniş yayılması səbəbindən bir çox məktəblər distant təhsilə keçib.

Təhsil Nazirliyinin məlumatına görə, 16 fevral tarixinə görə distant təhsildə olan siniflərin sayı 93, məktəblərin sayı isə 8-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib. Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Bu il fevralın 15-dən isə buster doza vaksin vurdurmayan insanlar ictimai-iaşə müəssisələrinə, ticarət mərkəzlərinə, iş yerlərinə buraxılmır.