'...orada hər il bir neçə insan dənizdə boğulur'

Çimərlik ərazisi

Çimərlik mövsümü başlayandan artıq bir neçə nəfərin dənizdə batması haqqında xəbər yayılıb.

Koronavirus pandemiyası zamanı çimərliklərə getmək qadağan edildiyindən dənizdə batanlarla bağlı xəbərlərə də az rast gəlinirdi. Amma pandemiyadan əvvəl hər mövsüm dənizdə 30-50 nəfər boğulurdu. İndi belə qadağa yoxdur. Bəs durum necədir?

Dəniz mövsümündə tez-tez çimərliyə gedən və özü də dəniz qırağında yaşayan M.Ə. xilasedicilərin olmamasından şikayətlənir: "Xüsusi müşahidə qüllələrində xilasediciləri görmək mümkün deyil. Üstəlik də, əraziyə xüsusi katerlərlə nəzarət yoxdur, xəbərdarlıq nişanları da, demək olar, gözə dəymir".

FHN: "Kifayət qədər xilasedici işə cəlb edilib"

Fövqəladə Hallar Nazirliyindən "Turan"a bildirilib ki, lazımi yerlərin hamısında xəbərdarlıq nişanları qoyulub və kifayət qədər xilasedici işə cəlb olunub.

Bundan başqa, xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini göstərən nişanlar və vətəndaşların maarifləndirilməsi üçün xüsusi lövhələr yerləşdirilib.

Nazirlikdən deyilir ki, xilasetmə texnika və vasitələri, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadə olunan avadanlıqların texniki vəziyyəti qaydasındadır və xilasedicilər daima iş başındadırlar.

"İstifadəsinə icazə verilməyən çimərliklərdə xilasedicilər olmur"

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə vətəndaşlara xilasedicilərin olduğu çimərliklərə getməyi tövsiyə edir. Onun sözlərinə görə, həmin ərazidə xilasedici və həkim briqadaları fəaliyyət göstərir, suyun dibi və sualtı axınların olub-olmaması yoxlanılır: "Həmin ərazilərdə xilasedicilər iş başında olur. Belə olan halda hər şey qalır insanların məsuliyyətinə. Yəni, uşaqları nəzarətdən buraxmaq, məhdudlaşdırıcı nişanları keçmək, gecə saatlarında, küləkli havada, spirtli içkiləri qəbul edib çimmək olmaz".

Amma Elmar Nurəliyev bunu da deyir ki, xilasedicilərin cəzalandırma səlahiyyəti yoxdur: "Onlar xəbərdarlıq edə bilər, irad tuta bilər, amma cərimə edə bilməz. Ona görə də bəzi hallarda insanlar onların xəbərdarlıqlarına qulaq asmır".

O, istifadəsinə icazə verilməyən çimərlikləri nəzarətə götürməyi təklif edir: "Ona görə də ora getmək təhlükəlidir. Yaxşı olar ki, həmin yerlər müəyyənləşdirilsin, həmin yerlərdə nəzarət sistemi qurulsun, xilasedicilər yerləşdirilsin. Pirşağıda elə yer var ki, orada hər il bir neçə insan dənizdə boğulur. Hər il eyni yerdə. Heç olmasa, buranı nəzarətə götürmək olar".

Elmar Nurəliyev hesab edir ki, rəsmi qurumlar insanların təhlükəsiz istirahəti üçün şərait yaratmalıdırlar.