Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Aşqabadda görüşüb

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri

Yanvarın 29-da dostluq, qarşılıqlı etimad və tam qarşılıqlı anlaşma şəraitində Azərbaycan, Türkiyə vəTürkmənistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşü keçirilib. Bu barədə nazirlərin imzaladığı birgə bəyanatda deyilir.

Tərəflər beynəlxalq siyasət məsələlərini müzakirə edərək, sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi, beynəlxalq və regional miqyasda, xüsusilə Mərkəzi Asiya, Xəzər dənizi regionu, Cənubi Qafqaz, Orta və Yaxın Şərqdə etimad və qarşılıqlı anlaşma şəraitinin yaradılması istiqamətində göstərdikləri səylərin əhəmiyyətini qeyd edib.

Nazirlər yüksək səviyyədə əldə olunmuş razılaşmaların siyasi, enerji, ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlığın müxtəlif sahələrində üçtərəfli əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaratdığını vurğulayıb.

“Xarici işlər nazirləri enerji sahəsində üç ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib. Bununla Xəzər dənizi regionundan Türkiyədən keçməklə Avropaya təbii qazın çatdırılmasının xüsusi əhəmiyyəti qeyd olunub. Bununla əlaqədar enerji şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və neft-qaz şirkətlərinin nümayəndələrinin üçtərəfli görüşünün təşkilinin məqsədəuyğunluğu qeyd olunub”, sənəddə qeyd edilir.

Xarici işlər nazirləri ölkələrinin böyük nəqliyyat-tranzit imkanlarını nəzərə alaraq, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir. “Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün “Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə” nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb. Üç dövlət arasında nəqliyyat prosesinin iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi, dəstək və multimodal daşımaçılığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə tərəflər üç ölkənin nəqliyyat nazirliklərinin və qurumlarının nümayəndələrinin görüşünün keçirilməsinin zəruriliyi barədə razılığa gəlib”.

Görüş zamanı ticarət əməkdaşlığının və malların üç dövlətin ərazisindən tranzitinin fəallaşdırılması məsələləri müzakirə edilib. “Bu məqsədlə Azərbaycan, Türkiyə və Türkmənistanın ticarət-sənaye palataları və müvafiq nazirlik və qurumlarının nümayəndələrinin görüşünün təşkilinin zəruriliyi qeyd olunub”.

Nazirlər 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə proqramını qəbul edib və onun həyata keçirilməsində xarici işlər nazirliklərinin əlaqələndirici rolunu vurğulayıblar. “Bununla əlaqədar xarici işlər nazirləri müvafiq nazirlik və qurumları çərçivə proqramının müddəalarını həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın fəallaşdırılmasına və onun yerinə yetirilməsinə səy göstərməyə çağırıblar”.

Xarici işlər nazirləri 2015-ci ildə Türkmənistanda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Sammitinə hazırlığın və onun keçirilməsinin əhəmiyyətini qeyd edib.

Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu üçtərəfli görüşün nəticələrindən danışarkən deyib ki, Türkiyə və Azərbaycan Türkmənistanı Transanadolu qaz kəməri (TANAP) layihəsinin reallaşmasında iştiraka çağırıb.

O, Türkmənistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünün yekunları üzrə jurnalistlərə bildirib ki, görüş zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müakirə olunub, qaz sahəsinə xüsusi diqqət yetirilib. Əsasən tərəflər Xəzəryanı regiondan Avropaya qaz nəqli məsələsini müzakirə edib ki, bu da Avropa istiqamətində qaz nəqlinin şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

M.Çavuşoğlu qeyd edib ki, Türkiyə və Azərbaycan Türkmənistanı TANAP qaz kəməri tikintisi layihəsinə qoşulmağa çağırıb. Bu layihə Xəzər təbi qazının Avropa bazarına nəqlinin təşkilində mühüm rol oynayacaq.

Türkiyə XİN rəhbəri qeyd edib ki, TANAP-ın inşası üçün zəruri sənədlər hazırlanıb, materiallar alınıb və tezliklə tenderlər elan ediləcək.

Öz növbəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, hazırda onun ölkəsi sənədlərin hazırlanmasını başa çatdırıb,TANAP və TAP (Transadriatik) layihələrinin reallaşması üzərində işləyir.

O həmçinin qeyd edib ki, Türkmənistan bu məsələdə əməkdaşlığa maraq göstərir.

TANAP və TAP 2019-cu ilədək Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliyanın cənubuna qaz kəməri sisteminin inşasını nəzərdə tutur.

Bu kəmərlərlə Türkiyəyə 6 milyard kubmetr və Avropaya 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur.

Gələcəkdə qaz kəmərinin gücü 32 milyard kubmetrədək artırıla bilər.