Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 8-də yerləşən evini AXCP-yə icarəyə vermiş Azər Əsgərov Nərimanov rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramova bildirib.
Azər Əsgərov evini AXCP-yə icarəyə verdikdən bir neçə ay sonra evin zirzəmi hissəsində partlayış qeydə alınıb. Bundan sonra Əsgərov icazə vermədən onun evi də daxil olmaqla bina bütövlükdə sökülüb. Binada yaşayan sakinlərin hamısı yeni evlərlə təmin edilib. Yalnız Azər Əsgərovun evinin əvəzində heç nə verilməyib. Azər Əsgərovun şikayətləri də nəticəsiz qalıb.
Azər Əsgərovun mülki işlər üzrə nümayəndəsi Namizdə Səfərov Turana bildirib ki, Azər Əsgərov şikayətinə baxılması üçün Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə çağırılıb və orada İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisə tabe olmamaq) maddələri ilə ittiham olunub.