Mıkola Azarovun etimadsızlıq səsverməsi rədd edilib

Ukrayna parlamenti baş nazir Mıkola Azarovun etimadsızlıq səsverməsini rədd edib. Qərar Kiyevdə genişmiqyaslı etiraz aksiyalarının davam etdiyi bir vaxt baş verib.

Ukraynalılar günlərdir hökumətin Avropa İttifaqı ilə ticarət razılığını imzalamaması qərarına etiraz olaraq, Kiyevdə aksiya keçirir.

Nümayişçilər ölkə prezidentinin istefasını tələb edir. Dünən hökumət binalarını ələ keçirməyə cəhd edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib, 200-dən artıq insan xəsarət alıb.

Hazırda rəsmi səfərlə Çində olan Ukrayna prezidenti Viktor Yanukoviç Rusiyanın başçılığı ilə Belarus və Qazaxıstanın daxil olduğu Gömrük birliyi ilə bağlı müzakirələrə başlanacağını bildirib.

Ukrayna hazırda Moskvanın təzyiqləri altındadır. Rusiya Ukraynanın Avropa ilə yaxınlığını qəbul etməyərərk, Ukraynanın 1 milyard dollarlıq təbii qaz borcunun dərhal ödəməsini tələb edərək, qış fəslində qaz təminatının kəsiləcəyi ilə hədələyib.