Azarkeşlər Bakıda London derbisini gözləyir

Bakıda yerli vaxtla saat 23:00-da Londonun "Çelsi" və "Arsenal" klublarının iştirakı ilə Avropa Liqasının finalı başlayacaq.

Matçın qalibi kubok qazanmaqla birlikdə, Çempionlar Liqasının növbəti mövsümündə çıxış etmək hüququ əldə edəcək. Yeri gəlmişkən, "Çelsi" onsuz da İngiltərə premyer liqasında üçüncü yeri tutaraq, Çempionlar Liqasının növbəti mövsümündə çıxış etmək hüququnu təmin edib.

Oyun 2015-ci ildə tikilmiş Bakı Olumpiya Stadionunda keçiriləcək. Avropa Oyunlarının, Dördüncü İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanma mərasimləri burada keçirilib. Bundan başqa stadion futbol üzrə Azərbaycan yığmasının ev sahibi olduğu yedir. "Qarabağ" klubu Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsindəki oyunlarını bu stadionda keçirib.

"Çelsi" və "Arsenal" artıq bu meydanda oynayıb. "Çelsi" 2017-2018-ci il mövsümündə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində, "Arsenal" isə 2018-2019-cu il mövsümündə Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu stadionda "Qarabağ"a qarşı oyunlar keçirib.

Stadiona 68 min tamaşaçı yerləşir. Müxtəlif məlumatlara görə, finala bir gün qalana qədər 58 minə yaxın bilet satılıb.

"Arsenal" mayın 25-də, "Çelsi" isə 27-də Bakıya gəlib. Klubların hər birinə azarkeşləri üçün əvvəlcə 6 min bilet ayrılıb, amma sonradan onlar ümumilikdə 5-6 min bileti qaytarıblar. Klublar azarkeşlərin Londondan Bakıya uzaq məsafəni getmək zərurəti ilə əlaqədar bilet almayıblar. Bununla belə, klubların digər ölkələrdən olan fanatları artıq Bakıya gəliblər.

"Arsenal" azarkeşlərinin yığışması üçün Qış Parkı, "Çelsi" azarkeşləri üçün isə "Sahil" parkı ayrılıb.

Azarkeşləri stadiona xüsusi avtobuslar aparacaq, onların hərəkət cədvəli və dayanacaq yeri azarkeşlərə xüsusi kitabçalarda yayılıb.

"Arsenal"ın yarımmüdafiəçisi, erməni əsilli futbolçu Genrix Mxitaryanın oyunda iştirakdan imtinası finala siyasi çalar qatıb. Rəsmi Bakı və UEFA tərəfindən verilən təhlükəsizlik zəmanətlərinə baxmayaraq, erməni futbolçu ailəsinin məsləhəti ilə finalda iştirak etməmək qərarı verib.