AZAL Dubaydan 186 Azərbaycan vətəndaşını ölkəyə gətirib

İyulun 8-də çarter reysi ilə Dubaydan186 azərbaycanlı ölkəyə gətirilib.

Bu barədə Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, reysdən öncə 48 saat ərzində koronavirus testinin nəticəsi mənfi çıxan sərnişinlər ölkəyə qaytarılıb və onlar iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun yerinə yetirilir.

Koronavirus pandemiyası ilə bağlı dövlətlər sərhədləri bağlayıb. Buna görə də müxtəlif ölkələrdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması çətinləşib. Onlar hissə-hissə ölkəyə gətirilir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, mart ayından indiyə kimi xarici ölkələrdə olan 23 min nəfərdən çox vətəndaş ölkəyə qaytarılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

Bu səbəbdən xüsusi karantin rejimi və dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək, sonra isə avqustun 1-dək uzadılıb.

Operativ Qərargah iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edib.

Daha sonra, iyunun 21-dən iyulun 5-dək sərtləşdirilmiş karantin rejimi tətbiq edilib, SMS-icazə sisteminə keçilib.

Qərara görə, sözü gedən yerlərdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Həmçinin ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilmir, muzey, sərgi zalları, bərbərxanalar, gözəllik salonları bağlanıb. Habelə təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi də dayandırılıb.