"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Boeing 737 MAX 8" təyyarələrinin alınmasına dair məsələlərlə bağlı iyunun 3-də günün ikinci yarısında yeni açıqlama yayıb.
Açıqlamada bildirilir ki, "Boeing" Korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir.
Verilən məlumata görə, imzalanmış müqavilənin həyata keçirilməsi 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.
"Müqavilə üzrə ilkin ödənişlər artıq olunub. Bu ödənişlər 2024-cü ildə "Boeing" Korporasiyası tərəfindən nəzərə alınacaq.
SEE ALSO: AZAL Bakı-Nyu York-Bakı reysi ilə uçuşları dayandırır və “Boeing 737 MAX 8” təyyarələri almayacaqOnu da qeyd edək ki, hal-hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün "Boeing" şirkəti ilə danışıqlar aparılır," açıqlamada bildirilir.
Hələlik "Azərbaycan Hava Yolları" mövcud təyyarə parkından aktiv istifadə edəcək.
"Azərbaycan Hava Yolları" "Boeing", "Airbus" və "Embraer" təyyarələrindən istifadə edir.
AZAL-ın Mətbuat Xidmətindən Amerikanın Səsinə iyunun 4-də bildiriblər ki, Bakı-Nyu York-Bakı təyyarə reysi ilə bağlı qərar qüvvədə qalır.
“Bu reys üzrə uçuşlar oktyabr ayından dayandırılacaq,” mətbuat xidmətinin rəhbəri Paşa Kəsmənskli Amerikanın Səsinə bildirib.
ABŞ-ın Azərbaycandakı Səfirliyindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər ki, Azərbaycan və ABŞ 14 iyun 2016-cı ildə “Açıq Səma” Sazişini imzalayıb.
“Açıq Səma” Sazişi ikitərəfli aviasiya əlaqələrini liberallaşdırıb və hər iki ölkənin hava daşıyıcılarına istehlak tələbatını ödəmək üçün uçuşların planlaşdırlmasına icazə verib. Bütün hava daşıyıcıları iki ölkə arasında uçuşların tezliyi və təyinatı barədə öz biznes qərarlarını qəbul edir. ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələr dərinləşdiyindən aviasiya şirkətlərinin iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi üçün yeni imkanlarının yaranmasına ümid edirik,” ABŞ-ın Azərbaycandakı Səfirliyindən deyiblər.
SEE ALSO: AZAL Boeing 737 MAX-8 təyyarəsinin qəzasından narahatdırXatırladaq ki, iyunun 3-də günün birinci yarısında AZAL Boeing-lə 10 ədəd Boeing 737 MAX-8 təyyarəsi alınması haqqında müqaviləni ləğv etdiyini bəyan edib.
2017-ci ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olmalı idi. Müqavilənin ümumi dəyəri təxminən 1 mlrd. dollar təşkil edib. Müqavilə çərçivəsində təyyarələr Azərbaycana 3 il ərzində gətirilməli idi.
Son zamanlar “Boeing 737 MAX” təyyarələrinin Malaziya və Efiopiyada qəzaya uğraması nəticəsində bir sıra aviaşirkətlər bu təyyarələrdən istifadəni müvəqqəti dayandırıb.
AZAL eyni zamanda iyunun 3-də günün birinci yarısında bu ilin oktyabrından Bakı-Nyu York-Bakı reysi ilə uçuşları dayandıracağını bildirib.