AZAL: Azərbaycanın hava məkanı ilə beynəlxalq uçuşlara ciddi təhlükə yaranıb

AZAL Şirkəti

Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Şirkəti Ermənistan Silahlı Qüvvələrinin mülki obyektlərin vurulmasında raketlərdən istifadə etməsinin Azərbaycanın hava məkanı ilə beynəlxalq uçuşları yerinə yetirən hava gəmilərinə təhlükə yaratdığını bildirib.

“Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır,” aviaşirkətin bəyanatında deyilir.

“Ermənistan tərəfinin qanunsuz hərəkətləri bizi ciddi narahat edir və bütün dünya ictimaiyyətini Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməsinə çağırırıq,” sənəddə qeyd edilir.

Azərbaycana raket hücumları

Son günlər Azərbaycanın döyüş bölgəsində və ondan uzaqda olan bir sıra şəhər və rayonlarındakı mülki obyektlərə raket zərbələri endirilib. Oktyabrın 4-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, bir neçə orta mənzilli raket Bakıdan şimalda yerləşən Xızı və Abşeron rayonlarının ərazisinə düşüb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 5-də Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.

“Bütün cəbhə boyu sıxışdırılan erməni qüvvələri artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir,” məlumatda qeyd edilir.

Ermənistan Müdafiə Nazirliynin mətbuat katibi Şuşan Stepanyan deyib ki, Ermənistan ərazisindən Azərbaycan istiqamətinə hər hansı raket zərbəsi endirilməyib.

"Azərbaycan tərəfi heç bir dəlil olmadan indi Ermənistan Silahlı Qüvvələrinin Xızı və Abşeronu hədəf aldıqlarını bildirir. Bu, Azərbaycanın təxribata zəmin hazırladığını sübut edən növbəti yalandır," Şuşanyan Twitterdə yazıb.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.