Müdafiə Nazirliyi “Azadlıq” qəzetini və əməkdaşı Xəqani Əliyevi 20-24 mart 2013-cü il sayında çıxan “Ordu, yoxsa can bazarı” sərlövhəli yazıya görə məhkəməyə verib. İddia ərizəsi nazir müavini, general-leytenant Çingiz Məmmədovun adından verilib. Qəzetdən təkzib və 100 min manat təzminat tələb edən nazirlik bu pulun Silahlı Qüvvələrin Yardım Fondunun hesabına köçürülməsin istəyir.
Aprelin 30-da Yasamal Rayon Məhkəməsində bu şikayətlə bağlı prosesin hazırlıq iclası olub.
“Media forum” saytının sualını cavablandıran baş redaktorun birinci müavini Rahim Hacıyev bildirib ki, iclasda qəzetdən heç kim iştirak etməyib: “Adətən məhkəmə növbəti prosesin nə vaxta təyin olunması ilə bağlı məktub göndərir”.
“Azadlıq” qəzeti ilə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun hüquqi nümayəndəsi arasında 30 min manatlıq cərimənin hissə-hissə ödənilməsi haqda əldə edilmiş razılığa gəlincə, Rahim Hacıyev deyib ki, qarşı tərəf hələ də Yasamal İcra Şöbəsinə bununla bağlı məktub göndərməyib: “Mətbuata açıqlamaqla məsələ həll olunmur. Onlar rəsmi məktubla təsdiqləməlidirlər ki, vəsaitin hissə-hissə ödənilməsinə etiraz etmirlər. Bundan sonra hesab açılacaq və bütün məsələlər öz həllini tapacaq. Təəssüflər olsun ki, qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz hələlik baş tutmayıb”.
Rahim Hacıyev qeyd edib ki, problem məhkəmə yolu həll olunandan sonra qəzet təkzib verə bilər.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq”ı bu qəzetin 8 aprel 2012-ci il sayında çıxmış “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıya görə məhkəməyə verib, qəzetin 200 min manat cərimələnməsini istəyib. Yasamal Rayon Məhkəməsi 2012-ci ilin iyun ayında metropoliten rəisinin yazıdan ciddi mənəvi zərər gördüyü əsası ilə qəzetin üzərinə 30 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarıb.
Bu ay Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub. “Azadlıq” qəzeti də üzləşdiyi ağır vəziyyətdən çıxmaq üçün oxuculara müraciət edərək maddi dəstək istəyib və xüsusi bank hesabı yaradıb (Beynəlxalq Bankın Yasamal filialı, Kod: 805142, SWIFT: IBAZAZ2X, Əmirov Faiq Səmidxan oğlu: 33882018403146388216).
Qəzetə maliyyə dəstəyi almaq üçün bir necə müddətdir başladılan bank köçürmələri kampaniyasını xatırladan Rahim Hacıyev bildirib ki, hələlik çox az məbləğdə vəsait toplanıb: “Azərbaycan hakimiyyəti qəzetimizi susdurmaq üçün heç bir qanuni əsas olmayan kampaniya aparır. Bu, söz azadlığına qarşı açıq-aşkar təzyiqdir. Hakimiyyət ölkədə elə bir atmosfer yaradıb ki, imkanlı şəxslər heç bir formada “Azadlıq” qəzetinə yardım edə bilmirlər. Yalnız sadə vətəndaşların müəyyən qədər köməkliyi olub. Amma bu vəsait yetərli deyil. Son vaxtlar abunə kampaniyasında olan irəliləyişlər hesabına qəzeti bu çətin vəziyyətdən çıxara biləcəyimizə ümid edirəm”.