"Azadlığ"a xəbərdarlıq – çap dayandırılacaq

Azadlıq qəzeti

“Azadlıq” qəzeti fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. “Azərbaycan” nəşriyyatından redaksiyaya daxil olan xəbərdarlıq məktubunda deyilir ki, qəzet növbəti on gün ərzində borcunu ödəməsə, sentyabrın 21-dən çapı dayandırılacaq. Bu barədə qəzetin özü məlumat yayıb.

Nəşriyyatıdan qəzetə daxil olan məktuba görə, “Azadlığ”ın nəşriyyata çap xərclərinə görə 19 min 220 manat, kommunal xərclərə görə isə 1065 manat borcu var.

Qəzet bildirir ki, borc redaksiyanın məsuliyyətsizliyi və ya məqsədli şəkildə ödəmədən yayınma nəticəsində yaranmayıb.

“Məsələ burasındadır ki, YAP Siyasi Şurasının üzvü, deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi “Qasid” yayım firması “Azadlıq” qəzetinə olan 70 min manat borcunu ödəməkdən imtina edir. Yəni, nəşriyyata olan borcumuzun 3 qatı qədər də “Qasid”in bizə borcu var. Qəzetin əməkdaşları aylardır ki, əməkhaqqı üzünə həsrətdir. Üstəlik, qəzet satışına yaradılan maneələr, digər yayım şirkətlərinin vaxtında ödəniş etməməsi də əlavə çətinliklər yaradıb”, qəzetin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu gündəlik 50 nüsxə satılmayan qəzetlərə külli miqdarda vəsait ayırdığı halda, “Azadlıq” bundan da məhrum edilib.

“Beləliklə, “Azadlığ”ın özünü dolandırmasında, nəşriyyatın xərclərini ödəməsində ciddi çətinliklər yaranıb”, qeyd edilir.

Azərbaycanın müstəqillik dövrünün ilk müstəqil rəsmi nəşri olan “Azadlıq” qəzeti 1988-ci il dekabrın 24-dən çap olunur. Qəzet çap olunduğu dövrdə daim tənqidi fikrin əsas daşıyıcısı kimi tanınıb.