Beynəlxalq təşklatlar “Azadlıq” qəzetinin durumundan narahatıdırlar

Azadlıq qəzeti

“Azadlıq” qəzetinin problemləri fonunda ölkədə digər KİV və jurnalistlərə qarşı təqiblər davam edir.
9 beynəlxalq təşkilat Azərbaycan hakimiyyətinin hər vəchlə qapatmağa çalışdığı “Azadlıq” qəzetinin müdafiəsinə qalxıb.

“İlham Əliyev yenidən ölkə prezidenti seçildikdən sonra KİV-lərə qarşı yeni təqib kampaniyası başlayıb. “Azadlıq” qəzeti hakimiyyətin əsas hücum obyektlərindən biridir, onu maddi baxımdan məhv etməyə çalışırlar”, - Sərhədsiz Reportyorlar, Freedom House, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN-klub və digər təşkilatlar tərəfindən imzalanan bəyanatda deyilir.

Sənəddə bildirilir ki, qəzet astronomik cərimələri ödəməkdən imtina etdikdən sonra hakimiyyət məhkəmələr vasitəsilə qəzetin hesabını dondurub. Nəticədə qəzet 12 noyabr sayının buraxılışını dayandırmağa məcbur olub, çünki cəriməni ödəyə bilməyib.

“Biz “Azadlıq” qəzetinin durumundan çox narahatıq və hesab edirik ki, qəzetə qoyulan sanksiya adekvat deyil”, - bəyanatda qeyd olunur.

“Bütün bunlar hakimiyyətin bu müxalifət nəşrini siyasi səbəblərlə susdurmaq niyyətindən xəbər verir. Bu qəzetin bağlanması Azərbaycanda KİV-də plüralizmin olmasını sual altına alacaq. Biz məhkəmə və siyasi hakimiyyəti bu təqiblərə son qoymağa çağırırıq”, - sənəddə vurğulanır.

Sonra bəyanatda son illər hakimiyyətin hərəkətlərindən ətraflı söz açılır. Bu hərəkətlər əsassız məhkəmə cərimələrinə, yayım firmasının satılan tiraja görə qəzetə vəsait ödəməməsinə və qəzet jurnalistlərinə qarşı təqiblərdə dövlət məmurlarının iştirakına gətirib çıxarıb.

“Azadlıq” qəzetinin problemləri fonunda ölkədə digər KİV və jurnalistlərə qarşı təqiblər davam edir. Belə ki, noyabrın 19-da bloger Rəşad Ranazanov 9, Nota qəzetinin redaktoru Sərdar Əlibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son günlər “Qanun” Nəşrlər Evinə təzyiqlər başlayıb. Belə ki, 20 nəfər silahlı şəxs ora gələrək bütün sənədləri və kompüterləri götürüb.