Azərbaycan Nəşriyyatı qəzetə 5 gün vaxt verib [Video]

Azadlıq qəzeti

Qəzetə qarşı pul sanksiyasının məbləği 65 min manata (83 min dollar) çatıb
"Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə xəbərdarlıq məktubu göndərib.

Məktubda deyilir: “Azərbaycan” nəşriyyatı ilə redaksiyanız arasında bağlanmış müqavilələrə əsasən 7 noyabr 2013-cü ilədək çap xərclərinə görə 21 410 manat, kommunal xərclərinə görə 2 688 manat, cəmi 24 098 manat debitor borc yaranıb. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu borcun ödənilməsi üçün kifayət qədər tədbir görülməyib, bunun nəticəsində “Azərbaycan” nəşriyyatı çətin maliyyə durumuna düşüb.

12 noyabr 2013-cü ilədək debitor borcların hissə-hissə ödənilməsini xahiş edirik. Əks halda qəzetinizin çap edilməsi və digər xidmətlərin göstərilməsi nəşriyyatın maliyyə imkanları xaricində qalacaq”.

Öz növbəsində “Azadlıq” qəzetininin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, nəşriyyata borcun yaranması “Qasid” mətbuat yayımı firmasının satdığı qəzetlərin pulunu ödəməməsidir

“Məhkəmə çəkişmələri ilə əlaqədar qəzetin hesabına həbs qoyulub və biz hesabımıza gələn pulları götürə bilmirik. Hazırda “Azadlıq”dan 65 min manat tələb edilir. Biz isə bu məbləği vermək iqtidarında deyilik”, o qeyd edib.

Bununla belə aktiv gənclər facebook sosial şəbəkəsində qəzetin düşdüyü ağır durumla bağlı dəstək aksiyası keçirirlər. Vəsaitlər redaksiyada və ya ictimai fəallar tərəfindən qəbul ediləcək.

Noyabrın 11-də axşam saat 18.00-a qədər 1 000 nəfər könüllü hər biri 20 manat pul verməlidir.

Qeyd edək ki, noyabrın 7-də Bakı metropoliteninin rəisi Tağı Əhmədovun məhkəmə iddiası üzrə “Azadlıq” qəzetinin ona 30 min manat pul kompensasiyasını hissə-hissə ödəməsi barədə qərarına yenidən baxıb.

T.Əhmədov vəsaitin 10 il müddətində aylıq 300-400 manat həcmində ödənilməsi ilə bağlı bu ilin mayında verdiyi razılıqdan imtina edib.

Qəzetə qarşı pul sanksiyasının məbləği 65 min manata (83 min dollar) çatıb.

Your browser doesn’t support HTML5

“Azadlıq” qəzeti bağlana bilər