AzadlıqRadiosunun ofisi möhürlənib - çoxsaylı bəyanatlar (Yenilənir)

AzadlıqRadiosunun Bakı ofisi möhürlənib

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muiznieks AzadlıqRadiosu Bakı bürosunda keçirilmiş reydə Facebook səhifəsində münasibət bildirib.

O yazır: “AzadlıqRadiosu Azərbaycan xidmətinin Bakı bürosunda keçirilən reyd barədə xəbərdən çaşqınlıq içərisindəyəm. Bu qeyri-məqbul hadisə yaxın keçmişdə Azərbaycanda fərqli düşüncə üzərinə edilmiş çoxsaylı repressiyaların davamıdır, bu ölkədə jurnalistlərin, insan haqları müdafiəçilərinin və tənqidi fikir bildirənlərin üzləşdikləri təqiblərin ciddiliyini nümayiş etdirir. Mən hakimiyyəti ifadə və media azadlığı üzərinə hücumlarını dərhal və birdəfəlik dayandırmağa və insan haqlarının müdafiəsinə dair öhdəliklərinə əməl etməyə çağırıram”, o qeyd edib.

***
ABŞ Konqresinin Helsinki Komitəsinin ( Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) sədri senator Benjamin Kardin AzadlıqRadiosuna hücumu pisləyən bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, Azərbaycanda azad və müstəqil mətbuat onları qorumalı olan hakimiyyətin özü tərəfindən hücumlara məruz qalmaqda davam edir.
Ben Kardin bildirib ki, dünən AzadlıqRadiosunun bürosuna reyd Azərbaycan hökumətinin fərqli səsləri susdurmaq kimi dərin narahatlıq doğuran meylini davam etdirir və radionun Azərbaycan xidmətinin təhqiqatçı jurnalisti Xədicə İsmayılın həbsi və ilkin məhkəməsinin dərhal ardınca baş verir:

“Biz Azərbaycan hakimiyyətini bir daha jurnalistlərin təqibinə son qoymağa və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iştirakçı üzvü kimi – insan haqları və təməl azadlıqların qorunmasına dair keçmişdə götürdüyü öhdəliklərə hörmətlə yanaşmağa çağırırıq”, o qeyd edir.

***

AzadliqRadiosuna qarşı hücumu Azərbaycanda fikir və söz azadlığının növbəti dəfə pozulması kimi qiymətləndirən Dunya Mijatovic baş verənləri qəbuledilməz adlandırır. Xəbəri AzadlıqRadiosu yayıb.

***

"Azadlıq” radiosunun Azərbaycan xidmətinin bağlanması bu radionun fəaliyyətini maliyyələşdirən ABŞ Konqresinin mənfi reaksiyaslna səbəb olub.

Milad bayramı olmasına baxmayaraq, konqresmenlər və senatorlar Azərbaycan hakimiyyətinin hərəkətindən hiddətləndiklərini gizlətmirlər.

“Azərbaycanda KİV azadlığının boğulması üzrə son addımlar qəbuledilməzdir”, İllinoys ştatından Mark Kirk Turan-a bildirib.

“Mən Liberty radiosunun Bakı bürosunun bağlanmasını qəti şəkldə pisləyirəm”, - o vurğulayıb.

Konqresin Helsinki Komissiyası özünün Facebook səhifəsində Azərbaycan hakimiyyəinin hərəkətini tənqid edib.

ABŞ Dövlət Departamenti hələlik rəsmi bəyanat verməyib. Lakin amerikalı keçmiş yüksək vəzifəli diplomat Turan-nın müxbiri ilə söhbətində Azərbaycan hakimiyyətinin söz azadlığını boğmaq, müstəqil KİV-in fəaliyyətini məhdudlaşdırmaq cəhdlərilə bağlı Vaşinqtonun narahatlığının artdığını bildirib.

ABŞ Yayım Şurası (BBG) da “Azadlıq” qəzetinə polis reydini qəti şəkildə pisləyib, baş verənləri “Azərbaycan hakimiyyəti tərəfindən müstəqil mətbuata və jurnalistlərə qarşı zorakılığın və təqiblərin eskalasiyası” adlandırıb.

***

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi AzadlıqRadiosunun Bakı ofisinin möhürlənməsi və əməkdaşların istintaqa çəkilməsi barədə dekabrın 26-da mətbuat üçün aşağıdakı açıqlamanı yayıb:

- Biz AzadlıqRadiosunun Bakıdakı bürosunun ofisində əməkdaşların saxlanması, sorğu-suala çəkilmələri və polisin ofisdə axtarış aparması barədə xəbərlərdən çox ciddi şəkildə narahatıq.

- Bu istintaq və axtarışın səbəbləri aydın deyil.

- Biz hakimiyyət orqanlarını media azadlığının qorunması barədə Azərbaycanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırırq.

- Azad və müstəqil media hər bir dövlət üçün olduqca önəmlidir.

***

AzadlıqRadiosunun Bakı bürosunun ofisinin möhürlənməsindən sonra əməkdaşlar kütləvi şəkildə prokurorluğa çağırılır. Prokurorluq əməkdaşları hətta jurnalistləri gecə saatlarında da dindirməyə cəhd edirlər. Bu barədə AzadlıqRadiosu məlumat yayıb.

Məlumatda deyilir ki, jurnalistlər vəkkillərinin iştirakı üçün vaxt istəsələr də onları hətta zorla dindirilməyə gətiriləcəklərini deyirlər.

"Artıq əməkdaşlardan bir neçəsi, hətta müxtəlif bölgələrdə çalışan müxbirlərimizi yerli prokurorluqlara çağırıb dindirirlər".

Vəkil Yalçın İmanov bildirir ki, jurnalistlərin tez-tələsik kollektiv şəkildə istintaqa cəlb edilməsinin niyyətini anlamaq çətindir. Dindirilməyə çağırılan bu sayda jurnalistlə müqavilələrin imzalanması, etibarnəmələrin hazırlanması iş günü olmadığı üçün zaman tələb edir: "Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İqbal Hüseynov bununla bağlı mənə də zəng etdi. İzah etdim ki, jurnalistlərin vəkilin iştirakı olmadan dindirilməsi bizə qeyri-hüquqi niyyətlərdən xəbər verir. Ona görə də hər kəsin vəkillə təmin olunması üçün bir qədər zaman verilməsini istədik. Hələlik jurnalistlərin dindirilməsinin gələn həftənin əvvəlinə saxlanmasına ilkin olaraq razılaşıblar" - deyə vəkil bildirib.

***

"Azadlıq” radiosunun Azərbaycan xidməti mediada plüralizmin məhv edilməsi məqsədi ilə hökumətin kampaniyasının son qurbanına çevrildi. Bu barədə “Azadlıq” radiosunun Bakı bürosunun qapılarının möhürlənməsi ilə bağlı “Sərhədsiz Reportyorlar” təşkilatının bəyanatında deyilir.

Axtarış zamanı seyf sındırlılıb, sənədlər, notbuklar, radiostansiyanın əsas serveri, yaddaş kartları və digər avadanlıqlar müsadirə edilib.

“Azərbaycanda repressiyaların miqyasını sözlə təsvir etmək çətindir. İlham Əliyev hökuməti medotik olaraq müstəqil KİV-i bir-bir məhv edir.

Beynəlxalq qurumlar və Azərbaycanın xarici tərəfdaşları bu qanunsuzluğa qətiyyətlə cavab verməlidirlər”, təşkilatın nümayəndəsi Yohan Bir bildirib.

“Azadlıq” radiosunun direktoru Kənan Əliyev əmindir ki, hakimiyyətin bir məqsədi var – radionun fəaliyyətini əngəlləmək və onun əməkdaşlarını qorxutmaq.

Öz növbəsində Liberty radiosunun direktoru Nenad Pejiç bildirib ki, radioya hücum sifarişi yuxarıların özündən gəlir və məqsəd radiostansiyanı susdurmaqdır.

Həmin gün Bakı məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsini ev dustaqlığı ilə əvəzləməkdən imtina edib.

“Sərhədsiz Reportyorlar” xatırladır ki, Azərbaycanda QHT və mətbuata qarşı repressiya dalğası birinci ay deyildir ki, davam edir. Hakimiyyət öz fikri olanların və Azərbaycan hökumətinə işləməkdən imtina edənlərin hamısını məhv etməyi qarşısına məqsəd qoyub.

Ən azı 15 jurnalistin və blogerin həbsdə olması Azərbaycanı Avropada jurnalistlər üçün ən böyük həbsxanaya çevirir

***

Milli Şura “Azadlıq” radiosuna qarşı törədilən özbaşnalığa etiraz edir, hakimiyyət orqanlarından informasiya azadlığı ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyi, respublika konstitusiyasının söz və informasiya azadlığı haqqında müvafiq maddələrini yerinə yetirməsini tələb edir.

Milli Şuranın bəyanatında deyilir:

Dekabrın 26-da prokurorluq orqanlarının “Azadlıq” radiosunun Bakı ofisində apardığı axtarış, redaksiyanın avadanlığının, sənədlərinin, o cümlədən möhürünün müsadirə edilməsi faktiki olaraq onun bağlaması deməkdir.

Məlumat üçün bildiririk ki, “Azadlıq” radiosu dünyanın ən böyük informasiya şəbəkələrindən biridir və SSRİ-nin dağıdılmasında, dünya sosializm sisteminin iflasında, Sovetlər Birliyinin yerində yeni müstəqil respublikaların bərqərar olmasında müstəsna rolu olmuş bir təbliğat mərkəzi olub. 1990-cı ilin 20 yanvar hadisələri zamanı bu radio Bakının Sovet ordusu tərəfindən işğal olunması, Azərbaycana edilən təcavüz haqqında dünyanı məlumatların yeganə informasiya mənbəyi idi. Həmin faciəli günlərdə “Azadlıq” radiosu Azərbaycan xalqının yanında oldu, insanlara ümid verdi, Bakıdan ötürülən reportajları bütün dünyaya yaydı, öz doğru-düzgün məlumatları ilə Moskvanın Bakıya təcavüzünü ifşa etdi. Bütün bunlara görə Azərbaycan xalqının bu radioya əbədi bir minnətdarlıq borcu var.

Lakin dekabr ayının 26-da “Azadlıq”ın Bakı ofisində törədilən rəzalət nəinki bu haqq-saya, eyni zamanda bütün insanlıq normalarına ziddir. “Azadlıq”ın sıxışdırılması, ona qarşı təzyiqlər dalğası radionun FM qısa tezliklərdə yayımına qoyulan qadağalardan başlanmışdı. Ondan sonra addım-addım redaksiyaya, onun əməkdaşlarına qarşı təzyiq siyasəti həyata keçirilməyə start verildi. Bunun ən aydın ifadəsi radionun əməkdaşı Xədicə İsmayılın təqib edilməsi oldu. Xədicə xanım “Azadlıq”ın araşdırmaçı jurnalisti olaraq öz peşə borcunu vicdanla yerinə yetirmiş, ölkəni bürümüş korrupsiya və rüşvətxorluq, hakim elitanın, o cümlədən hakim ailənin xalq malını müxtəlif üsullarla talaması haqqında silsilə araşdırmalar aparmış, heyrətamiz faktlar üzə çıxarmışdı.

Dekabr ayının 26-da prokurorluq orqanlarının “Azadlıq” radiosunun qapısını möhürləməsi məhz, həmin araşdırmaların intiqam məqamı kimi diqqəti cəlb edir. Bu addımı atmaqla Azərbaycan hakimiyyəti informasiya azadlığı ilə üzərinə aldığı beynəlxalq öhdəlikləri kobud şəkildə pozmuş, respublika vətəndaşlarının doğru-düzgün məlumat almaq haqqına təcavüz etmişdir. Prokurorluq orqanlarının bu addımı vətəndaşların Azərbaycan konstitusiyası ilə təsbit edilmiş söz, mətbuat və informasiya azadlığı haqqına birbaşa təcavüzdür. Heç kəsə sirr deyildir ki, ölkədə aparılan repressiv siyasət azad və müstəqil mətbuatın dairəsini xeyli məhdudlaşdırmışdır. Bu gün Azərbaycan xalqı ölkədə gedən proseslər haqqında yalnız 3-4 mənbədən etibarlı məlumat ala bilir. Artıq dekabrın 26-da baş verən aksiya bu 3 mənbənin birinin susdurulması deməkdir. Elə bu günlərdə, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı seçki adına törədilən rəzalətin ifşasında “Azadlıq”ın əməkdaşları fədakarlıq göstərmişdilər.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “Azadlıq” radiosunun bağlanmasına yönələn hərəkətləri pisləyir və hakimiyyəti bundan imtina etməyə çağırır. Partiya bəyan edir ki, ölkə rəhbərliyi nəhayət, dövlət və millət qarşısında məsuliyyətini anlamalı və azad medianın, ictimai təsisatların, vətəndaş cəmiyyətinin sıradan çıxarılması cəhdindən əl çəkməlidir. Anlamalıdır ki, dinc fəaliyyəti rəhbər tutan ictimai-siyasi təsisatların sıradan çıxarılması ölkəni xaosa və zorakılıqlarla müşayiət olunan sosial partlayışlara sürükləyə bilər. Bu barədə AXCP-nin bəyanatında deyilir.

AXCP öz üzvləri də daxil olmaqla, qanunsuz və siyasi sifarişlə həbs edilmiş ictimai-siyasi fəalların yubadılmadan azadlığa buraxılmasını, eləcə də cəzaçəkmə müəssisələrində müxtəlif yanaşmalarla dustaqların incidilməsinə, onlara işgəncə verilməsinə son qoyulmasını tələb edir.

Sənəddə həmçinin bildirilir ki, AXCP sonuncu bələdiyyə seçkisinin nəticələrini tanımır və bunu ölkə seçki adına həyata keçirilən ən biabırçı tədbir kimi qiymətləndirir.

Bəyanatda eyni zamanda çoxsaylı jurnalistin, QHT liderlərinin həbsi, cəzaçəkmə müəssisəsində məhkumun ölməsi, seçki islahatlarının vacibliyi qeyd edilir.

***

“Hüquq mühafizə orqanları məhkəmə qərarı əsasında istənilən yerdə axtarış aparmaq səlahiyyətinə malikdir. Bu baxımdan “Azadlıq” radiosunun Bakı bürosunun ofisində aparılan araşdırmanı təzyiq kimi qiymətləndirmək üçün heç bir əsas yoxdur”.

Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Baş Prokurorluğun əməkdaşlarının məhkəmə qərarı əsasında “Azadlıq” radiosunun Bakı bürosunun ofisində axtarış aparmasına bəzi beynəlxalq qurumların tənqidi münasibətini şərh edərkən deyib.

S.Novruzov qeyd edib ki, Prokurorluq əməkdaşları öz qanuni vəzifələrini yerinə yetiriblər: ““Azadlıq” radiosunun bir neçə işçisi və radio ilə əməkdaşlıq edən bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Yəqin ki, axtarış onların verdikləri ifadələr əsasında ortaya çıxmış nüansların aydınlaşdırılması məqsədi ilə aparılıb.

S.Novruzov qeyd edib ki, şübhəli olan məsələləri aydınlaşdırmaq, sübutları yerində dəqiqləşdirmək üçün istənilən evdə, ofisdə axtarış aparılması adi haldır və bunun üçün də rəsmi qərar çıxarılır:

“Əgər “Azadlıq” radiosunun fəaliyyətində şübhəli nəsə yoxdursa, niyə qorxurlar? Əgər mən düzəmsə, əməlisalehəmsə, qanunu pozmuramsa, gəlib hər gün YAP-dakı otağımda istənilən qədər axtarış aparsınlar. Buradan nə tapacaqlar? Qəzet, kağız, mətbuatın icmalı və sair. Axtarışdan, araşdırmadan yalnız fəaliyyətində problem olan şəxslər qorxa bilərlər”.