“Azadlığ”ın 23 yaşı

Azadlıq qəzeti

Azərbaycanın ilk müstəqil qəzeti müstəqilliyin bərpasında mühüm rol oynayıb. Qəzet ölkəyə altenativlik gətirib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Qəzetin bank hesabı dondurulub, çoxsaylı əməkdaşları mühacirətə gedib
Dekabrın 24-də Azərbaycanın ilk müstəqil mediası – “Azadlıq” qəzetinin 23 yaşı tamam olur. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından, baş redaktor Nəcəf Nəcəfovun rəhbərliyi ilə qəzetin ilk sayı 1989-cu il dekabrın 24-də işıq üzü görüb.

Kommunist rejimi dövründə alternativsizlik hökm srürdü. Bu səbəbdən də qəzetin ilk nömrələri Azərbaycan boyu əldən-ələ gəzir, bütün meydanlarda, küçələrdə, evlərdə oxunurdu. Keçmiş kommunist rejiminin kəskin tənqidi yer alan qəzet insanlar üçün alternativ fikir, bir növ təmiz hava idi. Odur ki, qəzetin tirajı indiki vaxt üçün ağlasığmaz idi – 250 min nüsxə. Qəzet milli azadlıq hərəkatında və Azərbaycanın müstəqilliyinin bərpasında mühüm rol oynayıb.

Yenidənqurma dövründə azad mətbuat yalnız ideoloji rupor deyil, həm də uğurlu sahibkarlığın müstəqil istiqaməti olmalı idi. Lakin zaman ictimaiyyətin gözləntilərini doğrultmadı.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, eləcə də ölkənin sonrakı rəhbərləri kollektivin ağzını yummaq üçün mümkün olan hər şeyi edirdilər. 1998-ci ildə senzuranın ləğvinə qədər hər axşam qəzetin senzurası keçirilirdi. Bundan sonra işə bütün məhkəmə instansiyaları cəlb olundu, “Azadlıq”ın illik büdcəsindən on dəfələrlə artıq cərimə sanksiyaları tətbiq edildi. Dəfələrlə hakimiyyət nəşrin rəhbərlərini gözdən salmağa cəhd göstərib.

Nəşrin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, bu gün qəzetin real tirajı 6 mindir və göstərici hakimiyyətin mediaya münasibətinin göstəricisidir.

1998-ci ilin monitorinqinə görə, mətbu nəşrlərin 15%-i hökumət məmurlarına, 13%-i siyasi müxalifətə məxsus olub, qalan 72%-i müstəqil olub.

Bu gün monitorinq və araşdırma aparmağa gərək yoxdur – KİV bazarında 2-3 müxalifət qəzeti, bir informasiya agentliyi və bir neçə İnternet nəşr qalıb.

Bu il noyabrın 5-də məhkəmə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyub ki, bu da onun fəaliyyətinin dayandırılmasına bərabərdir. Həbsə səbəb qəzetin tənqid etdiyi dövlət məmurlarının iddiaları üzrə cərimələr barədə üç məhkəmə qərarının olmasıdır. Cərimələrin ümumi məbləği 66 min manatdır.

“Bu, 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkiləri ərəfəsində qəzetin susdurulması ilə bağlı yeni mərhələdir. “Qasid” dövlət yayım şirkətinin qurumun köşklərinin şəhər meriyası tərəfindən bağlanmasını əsas gətirərək redaksiyaya olan 35 min manat borcunu ödəməkdən imtina etməsi və “Azərbaycan” dövlət nəşriyyatının borca görə qəzetin nəşrindən imtina etməsi qəzetin məhv edilməsi üçün dövlət sifarişi olmasından xəbər verir”, - baş redaktorun birinci müavini vurğulayıb.

Qəzetin baş redaktoru, uydurma ittihamla həbs olunmuş Qənimət Zahid və bir neçə əməkdaş mühacirət edib.

“Azadlıq” demokratik irəliləyişlər imitasiyası siyasətinin tətbiqinə parlaq nümunədir. Bu nəşrin minimal reklamı belə yoxdur, küçə yayıcıları təqib edilir, köşkdə çalışanlar onları alıcılardan uzaqda saxlayır. Jurnalistlər və onların ailə üzvləri açıq şəkildə qorxudulur, bəzən hədələr icra olunur.

Bununla belə, oktyabrda “Azadlıq”ın 5 mininci sayı çapdan çıxıb. Bu o deməkdir ki, qəzetə tələbat və qəzet onu susdurmaq istəyənlərə qarşı davam gətirməkdə əzmlidir.