Müvəqqəti azadlıq əldə edən fəallara qarşı təzyiqlər davam edir

Neçə ay öncə Şərqi Azərbaycan Valiliyi və Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq Marağa şəhərində keçirilən aksiyada tutulanlardan biri, milli fəal Bəhmən Xaliqi müvəqqəti olaraq azadlığa buraxılsa da, ona qarşı təzyiqlər tətbiq olunub.

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayətinin Binab şəhərində Bəhmən Xaliqiyə məxsus olan İşıq Kitab Evi mağazası dövlət tərəfindən bağlanıb və fəaliyyət icazəsi ləğv edilib.

Ötən il dekabrın 27-də Marağanın Müsəlla meydanında keçirilən və bir çox azərbaycanlının qatıldığı etiraz aksiyasında Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında əlaqələrin genişlənməsi və İran İslam Respublikasının Ermənistana Azərbaycan Respublikasına qarşı dəstək verməsinə etiraz edilmişdi.

Etirazlarla bağlı həbs edilənlər, o cümlədən azərbaycanlı din xadimi Əbdüləziz Əzimi-Qədim və milli fəallar Davud Əzimzadə və Bəhmən Xaliqi zəmanətlə müvvəqqəti olaraq azadlığa buraxılıb.