Rahim Hacı: Azadlıq qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib [Videolar]

Your browser doesn’t support HTML5

Azadlıq qəzetinin redaksiyasından reportaj

Azadlıq qəzetinin redaksiyasındakı acınacaqlı şərait barədə video reportajı və baş redaktorun birinci müavini ilə video müsahibəni təqdim edirik
“Dərin təəssüf hissi ilə bildirirəm ki, “Azadlıq” qəzetinin bağlanma təhlükəsi olduqca realdır. Çünki bir tərəfdən 66 min manatlıq məhkəmə cəriməsi var, digər tərəfdən nəşriyyata borclarımız yığılıb. “Qasid firması” da borclarını ödəmir”, - “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

O, hazırkı anda qəzetin bağlanma ehtimalının kifayət qədər çox olduğunu da diqqətə çatdırıb: “Reklam bazarı qəzetin üzünə bağlıdır. Hakimiyyətin qeyri - rəsmi göstərişi əsasında qəzetə heç bir reklam verilmir. Belə bir şəraitdə vəziyyətdən çıxış olduqca çətin mürəkkəb və müşkül bir işə çevrilib.

Çünki nəqliyyat nazirinin oğlu Anar Məmmədovun iddiası ilə bağlı 4 min manat cərimənin ödənilməsi üçün qəzetin qarşısına qəti tələb qoyulub ki, oktyabrın 26-dək 4 minə manat məbləğ ödənilməlidir. Etiraf edirəm ki, bu, bizim üçün olduqca böyük məbləğdir. Məbləğ ödənilməsə “Azadlığ”ın hesabına həbs qoyulması, əmlakının müsadirə olunması qaçılmaz olacaq”.

Baş redaktorun birinci müavini qəzetin maliyyə durumu çox ağır, çətin və narahatçılıq doğurduğunu deyib.

“Bir tərəfdən “Qasid” mətbuat yayımı firması borcumuzu vermir, digər tərəfdən nəşriyyat xərcləri ilə bağlı borcumuz yığılıb qalıb. Əl yayımı da məhdudlaşdırılıb. Əhalinin sıx yaşadığı və toplaşdığı ərazilərdə əl yayımı qadağan edilib. Bütün bunlar qəzetin çox ağır maliyyə durumuna gətirib çıxarıb”, - o vurğulayıb.

R.Hacılı bildirib ki, bu günlərdə Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova qəzeti sahibkarların hüquqlarının tapdanması, qanun pozuntuları ilə bağlı getmiş məqaləyə görə məhkəməyə verib. Məhkəmə iddianı təmin edib və “Azadlıq” qəzetini 30 min, müxbir Ramin Dekonu isə 2 min manat cərimələyib.
Hazırda qəzetinin üzərində daha 30 min manat Bakı metropoliteninin rəisi Tağı Əhmədovun iddiası üzrə cərimə var. Məşhur “ayı məsələsi” ilə bağlı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun iddiası üzrə 4 min manat cərimə var. Ümumilikdə, məhkəmələr qəzeti 66 min manat cərimələyib.

Onun fikrincə, “Azadlıq” qəzeti hakimiyyətin müxtəlif strukturlarının dəhşətli təzyiqi altındadır.

“Ən müxtəlif strukturlar “Azadlığ”ın susdurulması, azad mətbuatın flaqmanının sıradan çıxarılması üçün aramsız olaraq müəyyən plan və proqram əsasında fəaliyyətlərini davam etdirir. O cümlədən

“Qasid” firması qəzetə olan borcunu ödəmir. “Qasid”in qəzetə borcu artıq 35 min manata çatıb. Firma indi də hər gün qəzet götürüb satır, amma pulunu qaytarmırlar. Bizim borcun ödənilməsi ilə bağlı tələblərimiz cavabsız qalır. Hətta bu firmanın qarşısında etiraz piketi keçirdik və ciddi müsbət nəticəsi olmadı”, - bildirib.

“Azadlıq” qəzetinin redaksiyası “Azərbaycan” nəşriyyatının
binasında üç otaqda yerləşir. Redaksiyanın ofisinin tavanından damır, yağış yağanda ofis su içərisində olur. Kompüter və avadanlıqları sudan qorumaq üçün otaqlarda çətirlə otururlar, sellofan örtürlər. Ötən əsrin 70-ci illərindən qalan qapılar və döşəmə istifadəyə tam yararsız vəziyyətdədir.

Your browser doesn’t support HTML5

Azadlıq qəzetinin redaktor müavini Rahim Hacı ilə müsahibə