Azad musiqi-qeyri azad ölkədə kampaniyası beynəlxalq aləmdə dəstəklənir

Azad musiqi-qeyri azad ölkədə kampaniyası beynəlxalq aləmdə dəstəklənir

“Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalistləri müdafiə təşkilatı Fransa prezidenti Nikola Sarkoziyə oktyabrın əvvəllərində Bakıya səfəri zamanı Azərbaycanda insan hüquqları ilə bağlı məsələləri qaldırmağı xahiş edəcək. Çexiya, Polşa, Niderland, Fransa, Norveç, Almaniya hüquq müdafiəçiləri də azərbaycanlı həmkarlarını dəstəkləmək niyyətindədir.

Yerli vətəndaş cəmiyyəti fəalları tərəfindən başlanmış “Azad musiqi - qeyri-azad ölkədə” kampaniyası təkcə ölkədə deyil, onun hüdudlarından kənarda da dəstək tapmaqdadır.
Kampaniyanın məqsədi “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində vətəndaş cəmiyyəti fəallarının diqqətini Azərbaycanda insan hüquqları ilə bağlı problemlərə çəkməkdir. Bu barədə kampaniya təşəbbüskarları bugünki mətbuat konfransında bildirib.
Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Anar Məmmədli deyib ki, “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalistləri müdafiə təşkilatı kampaniyanı dəstəkləyib. “Belə ki, təşkilat Fransa prezidenti Nikola Sarkoziyə oktyabrın əvvəllərində Bakıya səfəri zamanı Azərbaycanda insan hüquqları ilə bağlı məsələləri qaldırmağı xahiş edəcək. Çexiya, Polşa, Niderland, Fransa, Norveç, Almaniya hüquq müdafiəçiləri də azərbaycanlı həmkarlarını dəstəkləmək niyyətindədir. Kampaniya çərçivəsində həmçinin son vaxtlar hakimiyyətin təzyiqlə üzləşmiş vəkillərin hüquqları da müdafiə olunacaq”.
İnsan Hüquqları Klubunun koordinatoru Rəsul Cəfərov deyib ki, yaxın günlərdə insan hüquqlarına aid xüsusi sayt, habelə videorolik buraxılacaq. “İnsan hüquqlarının müdafiəsi məqsədilə imzatoplama aksiyası keçiriləcək”.

Kampaniya təşəbbüskarları İctimai Televiziyanı informasiya sorğularına cavab verməkdən imtinaya görə məhkəməyə verib. İddia üzrə iclas sentyabrın 26-da Yasamal rayon məhkəməsində keçiriləcək.
Vətəndaş cəmiyyəti fəalları hesab edir ki, vətəndaşların siyasi motivlərlə təqib olunması şəraitində toplaşmaq azadlığının məhdudlaşdırılması və etiraz aksiyaları iştirakçılarının həbsi şəraitində Azərbaycanın Avropa ailəsində qalması sual altına düşür.
“Azad musiqi - qeyri-azad ölkədə” kampaniyasının təşəbbüskarları Sülh və Demokratiya İnstitutu, RATİ, İnsan Hüquqları Klubu və Siyasi Azadlıqları Müdafiə Alyansıdır. Sonradan Nida vətəndaş hərəkatı, “Azad gənclik” təşkilatı, Demokratik Jurnalistika Məktəbi də kampaniyaya qoşulub.