Beynəlxalq araşdırmaların nəticələri 2020-ci ildədünya boyu narkotik maddələrdən istifadənin artdığını göstərir. O cümlədən Azərbaycanda da koronavirus pandemiyası dövründə narkotik maddələrdən, xüsusilə də metamfetamindən istifadənin bir il öncə ilə müqayisədə artdığı bildirilir. Tədqiqatçı Aysel Sultan Amerikanın Səsinə müsahibəsində narkotik maddələrdən istifadənin artımın səbəblərindən, metamfetaminin təsirlərindən və narkotik aludəçiliyi ilə mübarizənin yollarından danışıb.
Amerikanın Səsi: Beynəlxalq səviyyədə aparılan tədqiqatların nəticələri göstərir ki, dünya boyu və o cümlədən Azərbaycanda pandemiya dövründə narkotik maddələrdən istifadədə artım baş verib. Bunun səbəbi nədir sizcə?
Aysel Sultan: Pandemiya dövründə əslində maraqlı statistika var. Bir neçə ayda bütün dünyada, amma xüsusilə də bizim regionda – Qafqaz regionunda, Orta Asiyada, bizdən daha aşağıda cənubi zonalarda – 2020-ci ilin ilk aylarında, hətta ilk bütöv yarısında traffikinq çox güclü, necə deyərlər, təlaşa düşmüşdü, orada bir dayanma var idi əslində. Bunu biz hardan bilirik? Sərhədlərdə konfiskasiya olunan narkotiklərin miqdarından. Sonra 2020-ci ilin ikinci yarısından etibarən çox güclü artım oldu. Və sırf Azərbaycanda, biz bilirik ki, 1.5 tona qədər heroin konfiskasiya olunmuşdu 2020-ci ilin ikinci yarısında. Bu artıq onun göstəricisidir ki, pandemiyanın ilk aylarında müəyyən şok olsa da qaçaqmalçılıq yollarında, sonra stabilləşmə baş verdi və yollar və axın bərpa oldu və maddənin miqdarı artıq idi əvvəlkinə nisbətən.
SEE ALSO: Narkomaniyaya qarşı mübarizə, “milli ittiham” və ekspert rəyləriÜmumilikdə pandemiyanın illeqal iqtisadiyyata, narkotiklərlə bağlı olan illeqal iqtisadiyyata, təbii ki, çox maraqlı təsiri oldu. Həm qaçaqmalçılıq yollarında müəyyən innovasiyalar başladı, həm onlayn marketlərə keçid artdı, çünki insanlar artıq müəyyən mənada əvvəllər mütəmadi olaraq istifadə etdikləri narkotik maddəni tapa bilmirdilərsə, məcbur idilər hansısa yeni maddələrə aludə olsunlar və yaxud onlardan istifadə etsinlər. Və biz bunu bütün dünyada gördük. Amma bizim regiona spesifik xas olan məqam hal-hazırda ondan ibarətdir ki, ümumiyyətlə Əfqanıstanda son iki ildə çox ciddi opium artımı var. Həm yetişdirilməsində, həm də opiumdan hazırlanmış sintetik maddə, bildiyimiz heroinin ötürülməsində. Yəni daha artıq istehsalat var. Bu da bir neçə səbəbə bağlıdır. Amma birinci onunla əlaqəlidir ki, özünüz də bilirsiniz, ABŞ hazırda qoşunlarını Əfqanıstandan çıxarır, Talibanın hökmranlığının güclənməsi baş verir və bu da ona səbəbdir ki, opimium yetişdirilməsi və heroinin istehsalı artır.
Digər tərəfdən İran bu qaçaqmalçılıq yolunda öz rolunu zəiflədib. Bu da onunla bağlıdır ki, keçən il İran məzənnəsi rialın dəyəri çox güclü şəkildə, təxminən 50 faizə yaxın düşdü. O da onunla bağlı oldu ki, Əfqanıstan dünyada heroinin 90 faizini təmin edən ölkədir və oradan gələn mal birinci növbədə təbii ki, İrana keçir və İrandan bizə, bizim İranla sərhədə yaxın olan yoldan, bizimlə Ermənistana sərhəd olan yoldan keçərək Rusiyaya və ordan da Qərbi Avropaya və Şimala doğru keçir. Bu iki məqam var ki, bunlar həmin o illeqal regional iqtisadiyyatda çox böyük dəyişikliklərə səbəb olub, ona görə də bizdə artım müşahidə olunub.
Amerikanın Səsi: Son zamanlar, xüsusilə də son həftələrdə Azərbaycanda gənclər arasında metamfetamindən istifadənin artımı məsələsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Azərbaycanda məhz metamfetamindən istifadədə artımı nə ilə əlaqələndirsiniz? Niyə məhz metamfetamin?
Aysel Sultan: Metamfetaminin istehsalı sadəcə olaraq son illərdə çox artmaqdadır. Bu, bilirsiniz ki, Cənubi Amerikada baş verir, eyni zamanda da bəzi Afrika ölkələrində. Yəni bizim indiyədək dünya narko-traffiki haqqında təəssüratımız həmişə o olub ki, cənub istehsal edir və qlobal şimal bunu istifadə edir. Yəni biz həmişə elə bilmişik ki, cənubdan gəlir narkotik maddələr.
Metamfetamin ucuzdur, rahat hazırlanır, dünyanın bir çox yerində hazırlanır və ona görə də metamfetamində artım var.
Təbii ki, bu onu göstərir ki, son illərdə dinamika çox dəyişib və bəzi narkotik maddələr artıq şimaldan gəlir. Və hətta cənubda da istifadənin statistikası artmaq üzrədir. İnsanlar sintetik narkotik maddələrə meyllidirlər. Birincisi ona görə ki, metamfetaminin hazırlanması asandır, klandestin tərkibli metamfetamindir bu. Bu çox ucuzdur, onun keyfiyyəti aşağıdır o mənada. İkincisi isə, təbii ki, o daha əlçatandır. Və onun qaçaqmalçılıq yolları da çox innovativ və fərqlidir. Bəlkə də, özünüz görmüsünüz xəbərlərdə ki, məsələn, hansısa kağızların tərkibinə hopdurulması və ya yaxud paltarın üzərinə hopdurulması kimi metodlar var və onların tapılması çətindir. Müəyyənləşdirmək ki, poçtla gələn hansısa məmulatın tərkibində klandestin var, metamfetamin var, bu artıq hüquq-mühafizə orqanları üçün çətinləşir müəyyən mənada. Amma, təbii ki, onlar da get-gedə bütün bu yeni innovasiyalardan xəbər tutduqca, konfikasiya da artır və sairə. Ona görə də birinci cavab oldur ki, metamfetamin ucuzdur, rahat hazırlanır, dünyanın bir çox yerində hazırlanır və ona görə də metamfetamində artım var.
Azərbaycanda da həmçinin. Mənim bildiyim son rəqəmə görə, Azərbaycanda bir nəfərlik bir dozanın tərkibi altı manatdır. Yəni bu, heroinlə müqayisədə çox daha ucuz bir narkotik maddədir. Və effekti də güclüdür, ona görə də insanlarda fiziki olaraq çox tez asılılıq yaradır. Bu məqam var və ona görə də bizdə artım müşahidə olunur.
Amerikanın Səsi: Bu narkotik maddədən istifadə nə ilə nəticələnir? Bunun fəsadları nədir?
Aysel Sultan: Metamfetaminin iki növü var. Birincisi tüstü şəklində çəkilir, bildiyimiz siqaret tipli formada istifadə olunur. İkinci kristal formadadır. Onu da təbii ki, əridib, sonra tüstüsünü çəkmək kimi metodu var. Onların da hərəsinin özünə görə bədənə təsiri var. Bəzi insanlar metamfetamin tərkibli kristalı əridib, venadaxili də istidafə edirlər. Ən çox zərər verən odur. Istənilən halda, bütün narkotik maddələr, psixoaktiv maddələr hətta deyək, hamısının birinci növbədə verdiyi zərər ciyərə və böyrəyədir. Yəni daxili orqanlaradır, çünki onlar çox yüksək toksinlərə malik olan maddələrdir və o maddələrin bədəndə prosesdən keçməsi üçün əsas işi görən orqanlar ciyərdir, böyrəkdir. Onlar bu maddənin süzməsi, necə deyərlər, bədəndə həzm olunması üçün həddindən artıq çox enerji sərf edir. Bunu biz adi spirtli içkilərdən də bilirik. Məsələn son illərdə spirtli içkilər haqda çox maraqlı faktlar var, hansıları ki, ümumi cəmiyyətə yaymaq asanlaşıb.
Məsələn deyək ki, biz bir stəkan və ya bir qədəh viskini kalorisinə görə iki ədəd çizburgerlə bərabərləşdirə bilirik. Eyni şəkildə biz bilirik ki, bu o deməkdir ki, bir qədəh viskinin həzm olunması üçün bədən həddindən artıq çox enerji sərf edir və bizə müəyyən bir yorğunluq çökür. Bir tərəfdən, təbii ki, spirtli içkilərin xassəsi odur ki, onlar bizi rahatlaşdırır, digər tərəfdən isə onlar bədən ağır yük verir və bədən məcburdur onu artıqlaması ilə həzm etməyə çalışsın. Eyni şəkildə də metamfetamin və digər psixoaktiv maddələr. Onların həzmi birinci növbədə daxili orqanlara çox ciddi zərər vurur. Uzunmüddətli istifadəçilər üçün bunların mənfi təsiri var. Bu o demək deyil ki, biz bir dəfə metamfetamindən istifadə etsək, bununla da bədənimizə həmişəlik zərər vurmuş olacağıq.
Amerikanın Səsi: Narkotik aludəçiliyi ilə ən effektiv mübarizə metodu nədir? Dövlət səviyyəsində, icma və individual səviyyədə hansı addımlar atıla bilər?
Aysel Sultan: Bu çox yaxşı sualdır həqiqətən, çünki, özünüz də qeyd edirsiniz sualda, çoxşaxəli metodlar var. Təbii ki, bu həm icma, cəmiyyət tərəfindən, eyni zamanda iqtisadiyyatın tənzimlənməsi baxımından. Yenə də deyirəm bu, illeqal regional iqtisadiyyatdır. Həmin o iqtisadiyyatın mövcud olmasının təkcə mənfi yox, həm də müsbət tərəfləri mövcuddur. O müsbət tərəflər də, təbii ki, həmin iqtisadiyyatdan gəlir əldə edən insanlardır. Biz təbii ki, o insanlar haqda ümumi həmişə mənfi fikrə sahibik. Amma bu heç də həmişə o demək deyil. Nəzərdə saxlamaq lazımdır ki, ümumiyyətlə narkotik maddələrin əsas istehsalında və o narkorik maddələr hansılar ki, tamamilə sintetik deyil, hansılar ki, bitkilərdən yaranır, məsələn çətənə bitkisi, çətənə bitkisindən yaranmış müxətlif məmulatlar, eyni zamanda opium və yaxud koka bitkisi və bunların hamısının istehsalında böyük, əsas əziyyət, təbii ki, onları yetişdirən fermerlərin üzərinə düşür. Və onların da qazandığı gəlir çox minimaldır. Artıq prosesdən keçmiş, kimyəvi maddələrlə, müəyyən mənada, sintetikləşdirilmiş nartotik maddələrin satışından gəlir alan şəxslər qat-qat daha böyük miqdarda pullara, gəlirə sahib olurlar. Amma bu iqtisadiyyatın bir neçə səviyyəsi var və hər səviyyədə də özünə görə gəlirə sahib olan insanlar çalışırlar. Mənə elə gəlir ki, bizim sadəcə olaraq onları başa düşməyimiz üçün bunu dərk etmək çox vacidbir ki, bu iqtisadiyyatın bir neçə növ aktyorları var.
Digər tərəfdən biz son illərdə görürük, bunu həm hər cür tədqiqatlar sübut edir, həm siyasi arenda baş verən dəyişikliklər, beynəlxalq səviyyədə hər yerdə göstərilir ki, narkotik maddələrin qanunsuz olması çox böyük itkilərə, çox böyük zərərə səbəb olur. Yəni, məsələn, xəbərsiz və yaxud heç bir mənfi niyyəti olmayan şəxslər belə narkotik maddələrlə təmasa girdikdə onların üzərində artıq müəyyən illeqal damğa qalır ömürlük. Və o kriminallaşdırılma insan faktoruna çox böyük zərər vurur.
Digər tərəfdən, təbii ki, bütün dövlətərin hamısının qabağında belə bir tələb var ki, onlar sərhədlərindən keçən narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə aparmalıdırlar. Monitorinq aparılmalıdır, həmin maddələr konfiskasiya olunmalıdır və sairə. Bu, dövlətin qanun səviyyədə edə biləcəyi addımlardan biridir.
Digər tərəfdən biz son illərdə görürük, bunu həm hər cür tədqiqatlar sübut edir, həm siyasi arenda baş verən dəyişikliklər, beynəlxalq səviyyədə hər yerdə göstərilir ki, narkotik maddələrin qanunsuz olması çox böyük itkilərə, çox böyük zərərə səbəb olur. Yəni, məsələn, xəbərsiz və yaxud heç bir mənfi niyyəti olmayan şəxslər belə narkotik maddələrlə təmasa girdikdə onların üzərində artıq müəyyən illeqal damğa qalır ömürlük. Və o kriminallaşdırılma insan faktoruna çox böyük zərər vurur. Ona görə, qanuni aspektdən, birinci məqam monitorinq və konfiskasiyadırsa, ikinci məqam, təbii ki, narkotik maddələrin istifadəsinə heç olmasa tətbiq olunan cəzaların azalması çox vacibdir. Dövlətlər artıq bunu dərk etməyə başlayıblar. Biz bilirik ki, Beynəlxalq Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq üzrə ofisi çox ehtiyatlı olsa da, etiraf etməyə başlayıb ki, narkotik maddələrin beynəlxalq səviyyədə, hər yerdə qanunsuz olması, kriminal olması çox böyük mənfi fəsadlara səbəb olur. Bu artıq o deməkdir ki, proses cücərir və qanunda çox böyük dəyişiklilərin baş verməsi gözlənilir hər yerdə. İndi bu yaxın 20 ildə mi, 50 ildə mi olacaq bilmirik amma ən azından proses başlayıb, heç olmasa çətənə bitkisi ilə. Bu qanuni tərəfdən olan məqamlardır.
İkinci tərəf təbii ki, cəmiyyətin roludur. Birinci növbədə bizim görə biləcəyimiz ən vacib müdaxilə metodu ondan ibarətdir ki, biz maariflənməliyik cəmiyyətlər olaraq. Bu təkcə Azərbaycana aid deyil. Bu, bütün ölkələrə aiddir. Biz narkotiklər haqda xoflu danışmalı deyilik, əksinə biz onları başa düşməliyik, onların tərkiblərini. Birinci növbədə bu bizim üçün, özümüzü qorumaq üçün ona görə vacibdir ki, narkotik maddələrin növləri sürətlə artmaqdadır dünyada. Yəni dizayner narkotiklər peyda olur və onlar o qədər sürətlə yayılır ki, hüquq-mühafizə orqanları hər şəkildə müdaxilə edə bilmirlər, qarşısını ala bilmirlər. Və yaxud onlayn marketlər yaranır, onları idarə edə bilmirlər və sairə. Yəni biz bu artımın qarşısını ala bilmirik. Ona görə də biz məlumatlı olmalıyıq və bu cür söhbətlər bizim üçün vacibdir, ümumiyyətlə cəmiyyət olaraq. Təbii ki, informasiya əldə edən şəxs daha az xoflu olur, daha çox suallar verməyə başlayır. Daha çox sual verən şəxs, təbii ki, daha çox məlumatlıdır və daha rasional qərarlar qəbul edə bilir.
Və son olaraq, individual olaraq mən hesab edirəm ki, hər şeyi şəxsi məsuliyyət və iradə gücünə də yıxmaq doğru deyil. Bu təkcə mənim şəxsi fikrim deyil, ümumiyyətlər sosiologiya, sosial elmlər, humanitar elmlər sahəsində aparılan tədqiqatlar da göstərir ki, heç də hər zaman narkotik maddə istifadəsi iradə gücünə bağlı olan bir şey deyil. Biz başa düşməliyik ki, bir şəxs olaraq insanların həyatlarında müxtəlif fazalar olur, insanların nəyəsə marağı ola bilər, kimsə nəyisə eksperiment etmək istəyə bilər, hansısa dost qrupuna qoşulmaq istəyə bilər, özünü hansısa sosial qrupa aid hiss etmək istəyə bilər. Bu məqamlar var və hökmən deyil ki, bunlar mütləq fəlakətdir, nəticəsi faciə ilə bitə bilər. Amma biz bilməliyik ki, şəxsi olaraq belə məqamlara həssas olmamaq üçün birinci növbədə bizim güclü mübarizə mexanizmlərimiz olmaldıır. Yəni həyatda başqa maraqlarımız daha çox olmalıdır. Və həyatda boşluqların qarşısını almaq üçün uyğun infrastruktur olmalıdır həm ictimai baxımdan həm şəxsi resurlar baxımından və sairə .