“Ayrılıq” mahnısının ilk ifaçısı vəfat edib

Məşhur AyrılıqSizə Salam Gətirmişəm mahnılarının ilk ifaçısı Fatma Qənnadi fevralın 4-də 93 yaşında vəfat edib. Azərbaycanlı musiqiçinin cənazəsi Təbrizdə bu mahnıların bəstəkarı, həyat yoldaşı Əli Səliminin yanında torpağa tapşırılıb.
1920-ci ildə Tiflis şəhərində dünyaya göz açan Fatma xanımın atası güneyin Şəbistər şəhərindən Tiflisə köçüb orada qənnadı peşəsində işləyən bir Azərbaycan türkü, anası isə Tiflis ermənilərindən olub.

Həyat Yoldaşı Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi Ayrılıq mahnısını Fatma Qənnadi ilk dəfə 1958-ci ildə Tehran Radiosunda səsləndirdi.

Mahnının müəllifi tanınmış musiqiçi və tarzən Əli Səlimi Piruz Xanlı ilə müsahibəsində mahnının necə yaranması ilə bağlı belə deyib: “Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən Ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı doğma kəndlər və şəhərlərimizdən ayrı olmaq demək idi. O dövrdə nə Sovet, nə də Şah rejimi bizlərə o taydakılarla görüşmək üçün icazə vermirdilər. Bir gün Fərhad adında gənc bir şair mənə bir şeir gətirdi. Öncə çox maraqlanmasam da şeiri oxuduqdan sonra budur mənim axtardığım, dedim.”

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, radioda yayımlandan öncə mahnı fərqli sözlərlərlə məşq edilmişdi:
...
İllərdir uzağam arxam elimdən
Bülbüləm düşmüşəm ayrı gülümdən
Zor ilə ayırıb şirin dilimdən
Ayrılıq ayrılıq yaman ayrılıq
Hər bir dərddən olur yaman ayrılıq...


Ancaq mahnının sözləri siyasi qiymətləndirildiyi üçün senzuraya məruz qalıb keçməyib və şair Fərhad İbrahimi mahnının sözlərini dəyişdirərək, onu bu gün hər yerdə oxunduğu kimi bir sevgi şeiri şəklinə salıb.

1963-cü ildə Rəşid Behbudovun Tehrana səfəri zamanı Fatma Qənnadinin ifasını eşidir və Əli Səlimiyə mahnını çox bəyəndiyini və onu ifa etmək istədiyini söyləyir.
Rəşid Behbudovun ifasından sonra mahnının şöhrəti sərhədləri aşmağa başlayır.
Bir çoxları Ayrılıq mahnısını sadəcə ən məşhur Azərbaycan mahnılarından deyil, bəlkə türk dünyasının ən məşhur mahnılarından biri kimi qiymətləndirir.

Bu günə qədər,Fatma Qənnadi, Rəşid Behbudov, Flora Kərimova, Yəqub Zürufçi və Cavid Təbrizli kimi azərbaycanlı müğənnilərlə birlikdə əsasən fars mahnıları oxuyan Daryuş İqbali, Ququş (Faiqə Atəşin), Mənsur Mamağani, Türkiyənin tanınmış ifaçilarından Barış Manço, Selda Bağcan, Zeki Müren, Emel Sayın, Fatih Kısaparmak, Müslüm Gürses və digərləri Ayrılıq mahnısını ifa edib. Əslən İran Azərbaycanından olan dünya şöhrətli İngilis musiqiçi və muğənni Sami Yusuf Ayrılıq mahnısını həm orijinal türkcə,həm də İngilis dilində “My Love Azerbaijan” (Mənim eşqim Azərbaycan) adı ilə oxuyub.

Əli Səliminin bəstələdiyi və Fatma Qənnadinin ilk dəfə ifa etdiyi mahnılardan biri Sizə Salam Gətirmişəm mahnısı da bir çox Azərbaycan Respubliası və Türkiyə muğənniləri tərəfindən ifa edilib. Fatma xanımın həyat yoldaşı Səlimi 16 il öncə vəfat edib.