Siyasi məhbus sayılan iki nəfər azadlığa çıxıb

Adları hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbus siyahısına daxil edilən iki nəfərin həbsdən azadlığa çıxdığı bildirilir. Bu haqda Siyasi Məhbusların Müdafiə Mərkəzindən (SMMM) bildiriblər.

Məlumata görə, azadlığa çıxanlar Aydın Səfərli və Sirac Rəhimovdur. Onlar həbs müddətləri başa çatdığına görə azad ediliblər.

Aydın Səfərli 2016-cı il yanvarında Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artımına etiraz edənlərdən biri olub. Məhkəmə onu 2 il müddətinə azadlıqdan məhrum etmişdi. Onun fevralın 22-də sərbəst buraxıldığı bildirilir.

Digər azad edilən şəxs isə Sirac Rəhimovdur. O, 2015-ci ildə Mingəçevir şəhərində həbs edilmişdi. Həmin vaxt Mingəçevirdə polis şöbəsində müəmmalı ölüm hadisəsinə etiraz aksiyası keçirilmişdi. Sirac Rəhimov həmin aksiyada saxlanılmışdı. O, fevralın 25-də həbsxanadan buraxılıb.

Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan iki qrup var. Hüquq müdafiəçiləri keçmiş siyasi məhbuslardan ibarət olan həmin qrupların vaxtaşırı siyahısını hazırlayıb yayırlar. Hər iki siyahı arasında say baxımından kiçik fərq var. Qrupları hesab edir ki, Azərbaycanda ümumilikdə 160-dan artıq siyasi motivlərlə həbs edilmiş şəxs var.

Azərbaycan hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir. Adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.