Xəstə ayaq əvəzinə sağlam ayağı kəsən cərrah vəzifəsindən azad edilib

Tərlan Məmmədova

Səhiyyə Nazirliyinin Kollegiyasının qərarına əsasən, nazirliyin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Valeh Kərimov işində yol verdiyi ciddi nöqsana görə tutduğu vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Əfsər Rzazadəyə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eyni zamanda, Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski tutduğu vəzifədən azad olunub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İyunun 24-də Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə cərrahiyə əməliyyatı zamanı həkimlər Tərlan Məmmədovanın xəstə ayağının əvəzində sağlam ayağını kəsib. Bu hadisə ölkədə geniş tənqid doğurub, sosial şəbəkələrdə nazirliyin ünvanına kəskin tənqidlər yer almış müzakirələr hələ də davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən sol aşağı ətraf əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağı ətrafı amputasiya edilib.

Xatırladaq ki, fakta görə Yasamal rayon rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.