AXCP Sabirabad şöbəsinin fəalı həbs edilib

AXCP

AXCP Sabirabad rayon (Bakıdan 176 kilometr cənub-qərb) şöbəsi gənclər təşkilatının sədri Etibar Fətiyev həbs edilib. Ona inzibati qaydada 30 sutka cəza verilib.

AXCP Sabirabad rayon şöbəsinin bəyanatında deyilir ki, əvvəlcə təşkilatın sədr müavini Mirağa Abbasov, sonra isə sədri Etibar Fətiyev guya “inzibati xəta” törətdikləri üçün müvafiq olaraq 25 və 30 sutka həbsə məhkum ediliblər.

Etibar Fətəliyev xırda xuliqanlıqda təqsirli bilinib. 10 gün bundan öncə isə Mirağa Abbasov eyni ittihamla həbs olunub. “Etibar bəy dekabrın 28-də Abbasova yemək aparıb. Polislər güya yeməyin içindən ülgüc tapıblar. Bu səbəbdən onu şübhəli şəxs kimi saxlayıblar. Dekabrın 29-da isə Etibarın iştirakı olmadan məhkəmə keçirilib. Bu da qərarın sifarişli olduğunu göstərir. Rayon təşkilatı olaraq bu həbsi qətiyyətlə pisləyirik və Etibar Fətəliyevin dərhal azad olunmasını tələb edirik”, bəyanatda qeyd edilir.