AXCP və Milli Şura Əliyevin ittihamlarına cavab verdi

İyulun 15-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda Əliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın ünvanına ittihamlar irəli sürüb.

İlham Əliyev: Biz “Beşinci kolon”la bu işi bitirməliyik

Prezident Əliyev Azərbaycanın ərazilərinin ermənilərin nəzarətinə keçməsini Azərbaycan Xalq Cəbhəsinin 1990-cı illərdəki fəaliyyəti ilə əlaqələndirib.

“Torpaqların itirilməsi bir daha demək istəyirəm ki, o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər.”

Prezident bu il iyulun 14-də Azərbaycan Ordusunu dəstəkləyən aksiya zamanı bir qrup insanın Milli Məclisin binasına daxil olmasında da AXCP-nin əli olduğunu hesab edir.

Əliyev deyib ki, ona verilən məlumata görə, bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar.

“Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır.”

Prezident deyib ki, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil edirlər.

Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır.
İlham Əliyev, Azərbaycan prezidenti

“Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər.”

Prezident Milli Şuranı da ittiham edib. O, Milli Şuranın sədrinə işarə edərək deyib: “Amma onların arasına bu ünsürlər - Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib. Onların məqsədi nə idi? Yenəmi Azərbaycanı qaranlığa qərq etmək, yenəmi vəziyyəti gərginləşdirmək? Yenə də ermənilər bundan istifadə etsinlər? Onların məqsədi budur. Xalq Cəbhəsinin, o çirkin antimilli şuranın məqsədi budur. Görmürdünüz ki, neftin qiyməti 14 dollara düşəndə necə sevinirdilər. Buna kim sevinir - ermənilər, bir də bunlar. Bir-birinə muştuluq verirdilər, bayram edirdilər, təbrik edirdilər. O Amerikada oturan deyir ki, hələ gözləyin sürüşə-sürüşə gələcək sıfıra. Heç olmasa, ağlın olsun, neftin qiyməti sıfır ola bilər? Hələ deyir tələsməyin sevinməyə, hələ gələcəkdə sevinəcəyik ki, neft 14 dollardan da düşsün, ondan sonra nə olacaq. Sual verin, 2 ildir Amerikada oturub. Birincisi hansı pulla sən orada oturursan, kim səni orada saxlayır, kim sənə pul verir, kim sənə təlimat verir. De ki, Azərbaycan xalqı bunu bilsin. İndi oturub orada, xarici pullarla vəziyyəti qarışdırmaq istəyir. Ona görə bunlara son qoyulacaq. Heç kimdə bu haqda şübhə olmasın. Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Bu, bizim növbəti şanlı qələbəmizdir. Bu mövzunu yekunlaşdırmaq üçün bir daha demək istəyirəm ki, biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə,” o qeyd edib.

Milli Şura: İlham Əliyev azərbaycanlıları təhqir edir

"Demokratik Qüvvələrin Milli Şurası prezident İlham Əliyevin 15 iyul tarixində səsləndirdiyi üçüncü nifrət çıxışından hiddətləndiyini bildirir. Həmin çıxışda İlham Əliyev dövlət başçısına yaraşmayan, utancverici və son dərəcə məsuliyyətsiz bir şəkildə Azərbaycan xalqını, onun ən ülvi vətənpərvərlik duyğularını aşağılamış, Qarabağ uğrunda döyüşə atılmağa və canından keçməyə hazır olan yüz minlərlə azərbaycanlını təhqir etmişdir."

Bu fikir Milli Şuranın Əliyevin çıxışı ilə bağlı yaydığı bəyanatda əks olunur.

Prezidentin çıxışını "nifrət çıxışı" kimi təsvir edən bəyanatda Milli Şura Əliyevin könüllülərlə bağlı səsləndirdiyi məqama diqqət çəkir:

"Hərbi komissarlıqlara cəmi 150 nəfərin müraciət etməsi ilə bağlı yalan və əsassız informasiyanı ictimailəşdirməklə İlham Əliyev ilk növbədə torpaqlarımızı işğal etmiş Ermənistana “Azərbaycan xalqı savaşıb torpaqlarını azad etmək istəmir, insanların Qarabağ tələbli çıxışları və etirazları şou xarakteri daşıyır, gerçək deyil” mesajını verib düşməni sevindirmiş oldu ki, buna görə o, ən azı Azərbaycan xalqından üzr istəməli və xəcalət çəkməlidir."

Müxalif qüvvələr hesab edir ki, bazar ertəsi baş verənlər "ümumxalq etirazı" idi və "bir daha göstərdi ki, işğal altında olan Azərbaycan ərazilərinə münasibətdə xalqın iradəsi ortadadır, problem xalqda deyil, onun bacarıqsız, korrupsioner və kleptokratik rəhbərliyindədir."

Əliyevin 1992-93-cü illərdə hakimiyyətdə olmuş Xalq Cəbəsi qüvvələrinə qarşı səsləndirdiyi ittihamlara cavab olaraq Milli Şura bütün ötən illər ərzində dövlətin yarıtmaz şəkilkdə idarə olunduğuna diqqət çəkir:

"17 illik idarəçiliyi dövründə İlham Əliyev ölkəni çökdürüb, büdcə vəsaitləri talanıb, ölkənin müdafiə xərcləri mənimsənilib. Bu illər ərzində o, işğal altında olan əraziləri almaq əvəzinə Dubay mülklərini alıb, onun ailə üzvlərinin korrupsiyası dünyanın ekzotik adalarını fəth edib. Azərbaycan xalqı qlobal Covid təhdidi qarşısında tibbi sığortasız, karantin şəraitində sosial yardımsız qalıb. Ölkə iqtisadiyyatı çöküb, idarəçiliyi dövründə o, iqtisadiyyatı şaxələndirmək əvəzinə korrupsiyanı şaxələşdirib. Məhz bunların hesabatın vermək lazımdır. Ölkə sosial-iqtisadi və siyasi sarsıntılar məngənəsində boğulur. Ən dəhşətlisi odur ki, ölkə sərhədində döyüş əməliyyatının getdiyi günlərdə öz xarici işlər nazirini tapa bilməyən bir prezident 17 il ərzində ölkəni bu günə düşməsinin günahını müxalifətdə - Milli Şura və Xalq Cəbhəsində axtarır."

AXCP: Heç bir məhrumiyyət bizi şərəfli mübarizəmizdən çəkindirə bilməz

Azərbaycan Xalq Cəbhəsi Partiyasının İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirləri ilə bağlı bəyanatında da Əliyevin başlıca hədəfinin müxalifət olduğu vurğulanır və çıxışdakı "utanc" məqamlara diqqət çəkilir.

“AXCP bəyan edir ki, ölkə başçısının məlum çıxışı dövlət adına utancdı, düşməni sevindirmək cəhdidi, növbəti repressiya dalğasının başlanacağının anonsudu və milli ruhun oyanışından narahatlığın ifadəsidir."

Bəyanatda döyüşlər başlandığı gündən AXCP, Milli Şuranın orduya dəstək verdiyi qeyd olunur, Cəbhənin sədri Əli Kərimlinin birliyə dəstək məramlı bəyanatına işarə edilir.

Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi.
AXCP-nin bəyanatından sitat

"Əli Kərimlinin bu bəyanatı böyük ictimai rəğbətlə qarşılandı və təsadüfi deyil ki, sosial şəbəkələrdə çox geniş şəkildə yayıldı. Əslində, əsas müxalifət qüvvəsinin bu mövqeyini hakimiyyət də təqdir edilməliydi. Ancaq ölkə başçısı İlham Əliyev tamam əks mövqe sərgilədi və açıq şəkildə müxalifəti düşmən elan etdi."

AXCP bazar günü keçirilən yürüşü təşkil etmədiyini də vurğulayıb:

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı."

AXCP hesab edir ki, "Milli Məclis binasına bir qrupun daxil olması və polis avtomobilinin aşırılması hakimiyyət orqanlarının ən azı xəbərdar olduğu hazırlanmış təxribat idi və əsas məqsəd müxalifəti bu təxribata bulaşdıraraq, repressiyalara əsas yaratmaq idi."

Cəmil Həsənli

Cəmil Həsənli: Azərbaycanı ağır sınaqlar gözləyir

Milli Şuranın sədri Cəmil Həsənli dövlət başçısına cavabında yazıb ki, vəziyyət kifayət qədər ağırdır.”

“Əliyevin yarıtmaz siyasəti Azərbaycanı uçurumun astanasına gətirib çıxarıb. Tovuz sərhəd məntəqəsində baş verən hadisə ilə bağlı Ermənistan dövlət qurumları və ilk növbədə erməni XİN-i (İlham Əliyev öz Xarici İşlər Nazirini tapmayanda) bütün dünyanı ölkəmizin üzərinə qaldırıb.

Əliyevin yarıtmaz siyasəti Azərbaycanı uçurumun astanasına gətirib çıxarıb.
Cəmil Həsənli, Milli Şuranın sədri

Bu gün ABŞ Konqresində ermənipərəst üzvlər Azərbaycana hərbi yardımın dayandırılması haqqında düzəliş hazırlayıb qanunverici orqana təqdim ediblər. Eyni zamanda bu məsələ ilə bağlı Dövlət və Müdafiə Departamentlərinə məktublar göndəriblər. Söhbət hansısa məbləğdə olan maliyyə yardımlarının dayandırılmasından getmir, söhbət 907-ci düzəlişdən daha ağır olan bir aktın qəbul edilməsindən gedir. Söhbət ABŞ-ın ölkəmizə hərbi, siyasi, diplomatik yardımının məhdudlaşdırılmasından gedir. 20 faiz torpaqları işğal altında olan ölkə üçün bunun nə demək olduğun izah etməyə ehtiyac yoxdur. Gələn həftənin birinci günü bu akt Konqresdə səsverməyə çıxarılacaq. Əgər sənəd qəbul olunsa, Qarabağla bağlı bizi daha ağır günlər gözləyəcək. Çox az vaxt qalır.

Hökumət nahaq yerə Vasinqtondaki lobbi qruplarına arxayın olmasın, vəziyyət kritikdir. Təcili hərəkətə keçmək, vətəndaş cəmiyyəti təmsilçiləri də daxil olmaqla, Amerika paytaxtına nüfuzlu heyətlər göndərmək, buradakı qüvvələri səfərbər etmək, Türkiyənin və bizə yaxın olan digər dövlətlərin (əgər varsa) imkanlarından operativ istifadə etmək gərəkdir.

Əgər bu səsvermə önlənməsə, bunun qarşısı alınmasa ölkəmiz ciddi problemlərlə üzləşəcək,” Həsənli Facebook səhifəsində yazıb.