Avqustun 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Ceyhun Novruzov Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs olunub.
AXCP-nin məlumatına görə, Ceyhun Novruzov səs-küy salmaqla, söyüş söyməkdə günahlandırılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə günahlandırılıb.
AXCP Novruzovun saxlamasının səbəbini onun həm sosial şəbəkələrdə, həm də qonşularının arasında siyasi fəallığı ilə əlaqələndirir.
Avqustun 21-də isə AXCP-nin Salyan rayon şöbəsinin üzvü Elzamin Salayev polis tərəfindən saxlanılaraq İnziabati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə 50 manat məbləğində cərimələnib. Salayevin sözlərinə görə, onu ünvansız söyüş söyməkdə ittiham ediblər, səbəb onun rayonda yaşayan şəhid ailəsini müdafiə etməsidir.
Rəsmi qurumlar müxalifət fəallarının cəzalandırılması ilə bağlı hələ məlumat yaymayıb.
Avqustun 20-də AXP-nin daha iki fəalı həbs edilib. Fəallar Səhlədar İsgəndərli 60 sutka, Vilayət Məmmədov 30 sutka həbsə məhkum edilib.
AXCP-nin məlumata görə, bu ilin yanvarında Milli Şuranın mitinqi ərəfəsində və sonra müxtəlif vaxtlarda bu partiyanın 70-dən çox fəalları inzibati qaydada cəzalandırılıb. Onlardan 58 nəfəri 10-sutkadan 30 sutkayadər, bir fəal isə 60 sutka inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məruz qalıb. Onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib. Bu il AXCP-nin 24 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə edilib.
Partiya fəallarının hamısının siyasi mövqelərinə görə şərləndiyini bildirib.
Azərbaycanın rəsmiləri bir qayda olaraq ölkədə bütün fundamental azadlıqların təmin edildiyini bəyan edir. Rəsmi Bakı insanların qanun qarşısında bərabər olduğunu və siyasi baxışlarına görə təqib olunmadığını bildirir.
Bununla yanaşı yerli hüquq müdafiəçiləıri ölkədə 100-dən çox insanı siyasi məhbus elan edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyətdədir. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı vicdam məhbusu elan edib.