AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim saxlanılıb

İyulun 26-da saat 12 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim saxlanılıb. Bu barədə Azadlıq Radiosuna onun oğlu Turan İbrahim danışıb.

Gəncin qeyd etdiyinə görə, atası bir neçə gün əvvəl həbs olunan qardaşı Mehdi İbrahimə yemək apararkən saxlanıb. Turan İbrahim əlavə edib ki, atasının Bakı Baş Polis İdarəsinə aparıldığını ehtimal edir:

“Çünki atamı saxlayan mülki formalı şəxslər özlərini Bakı Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim ediblər. Bundan əlavə məlumat yoxdur”.

Bu gün, iyulun 26-də AXCP Sabunçu rayon təşkilatının üzvü Elnur Yusifov və Suraxanı şöbəsinin üzvü Sarvan Cumayevin də saxlandığı deyilir. Bu barədə məlumat yayan AXCP üzvülərinin dediyinə görə, onlar barəsində də əlavə informasiya almaq mümkün olmayıb. Amma bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Məmməd İbrahimin oğlu Mehdi İbrahim Cinayət Məcəlləsinin (CM) 139-1.1-ci (antiepidemiya, sanitariya-gigiyena və karantin rejiminin pozulması, xəstəliyin yayılmasına səbəb olduqda və ya buna təhlükə yaratdıqda) maddəsi ilə ittiham olunub.Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Mehdi İbrahimin iyulun 22-də Penitensiar Xidmətin vərəm xəstələri üçün ixtisaslaşdırılmış 3 saylı müəssisəsinə (tubzon) köçürüldüyü deyilir. İstintaqın iddiasına görə, Mehdi İbrahim koronavirusa yoluxduğuna görə, ev karantində olub, lakin qaydaları pozaraq evdən çıxıb. Atası isə buqeydedilənləri yalanlamışdı.Məmməd İbrahimin bir qədər öncə deməsin görə,oğlu iyulun 14-də keçirilən orduya dəstək aksiyasında saxlanıb. O,oğluna ittihamin onun siyasi fəaliyyəti ilə bağlı quraşdırıldığını açıqlamışdı.

Məmməd İbrahim kimdir?

Məmməd İbrahim bundan əvvəl 3 ildən çox həbsdə olub. O, ötən il fevralın 13-də azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il hökmündən verilən şikayətə baxıb:

“Məmməd İbrahimə verilmiş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzası azaldılaraq faktiki həbsdə yatdığı müddətlə əvəzləndi və o, həbsdən azad olundu.”,onda vəkili demişdi.

Məmməd İbrahim 2015-ci ilin sentyabrında həbs edilmişdi. O, AXCP-dən ayrılmış Mikayıl Quliyevi və daha iki nəfəri döyməkdə ittiham olunurdu. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi onu 3 il azadlıqdan məhrum etmişdi. 2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olumuşdu. 2017-cu il yanvarın 10-u Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək əlavə 5 ay 22 gün müddətinə azadlıqdan məhrum etmişdi.