Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Arif Paşayevin yoxa çıxdığı bildirilir.
Bu barədə Amerikanın Səsinə AXCP-dən məlumat verilib.
AXCP-də hesab edirlər ki, o saxlanılıb.
“Gecə saat üç radələrində Arif Paşayevin Tərtər rayonundakı evinə polislər gəlib onu soruşublar. Tapa bilməyəndə isə Bakıda qaldığı evin ünvanını soruşub atasını polis şöbəsinə aparıblar," AXCP bildirir.
Partiyadan əlavə ediblər ki, Paşayevin həbsinin səbəbi onun sosial şəbəkələrdə aktivliyi və siyasi fəaliyyətidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirindən münasibət öyrənmək mümkün olmayıb.
Rəsmi Bakı ölkədə karantin rejiminin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini bildirir və müxalif fəalların izlənərək həbs edilməsini dezinformasiya sayır.
AXCP bildirir ki, karantin dövründə bu partiyanın otuzdan çox fəalı inzibati qaydada, üç fəalı cinayət təqibi ilə həbs edilib.