AXCP fəalının həbs müddəti başa çatsa da azadlığa buraxılmayıb

Niyaməddin Əhmədov və Əli Kərimli aksiya zamanı

AXCP fəalı, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov dünən, mayın 15-də saat 22 radələrində 30 sutka inzibati həbsi başa vurub azadlığa çıxmalı olsa da, hələ də ondan bir xəbər yoxdur.

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bildirib ki, polisdən partiyaya verilən qeyri-rəsmi məlumata görə, Niyaməddin Əhmədov həbs müddəti bitən kimi inzibati həbs olunanların təcridxanasından Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) aparılıb.

“Niyaməddin Əhmədov inzibati həbsdə olarkən də DTX-ya aparılıb. Həmin vaxt rəsmi məlumat verildi ki, onu hansısa cinayət işi üzrə şahid kimi dindirmək üçün DTX-ya aparıblar. Amma Niyaməddin Əhmədov yaxınlarına xəbər çatdıra bilmişdi ki, ondan işgəncə ilə özünün və Əli Kərimlinin əleyhinə yalan ifadələr almaq istəyiblər,” AXCP-nin məlumatında deyilir.

Aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası aprelin 28-də (AXCP) bu partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işgəncəyə məruz qaldığını bildirib.

AXCP-nin məlumatına görə, aprelin 16-da inzibati qaydada həbs olunan Əhmədov aprelin 28-də səhər saat 11 radələrində saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb.

"Niyaməddin Əhmədov özü yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb küçə söyüşləri ilə müşayiət olunan işgəncələrə məruz qoyublar. Ondan tələb olunub ki, Əli Kərimlidən pul aldığı haqda ifadə versin. Təxminən saat 23-də istədiklərinə nail olmadıqlarını görüb onu Saxlanma Məntəqəsinə qaytarıblar. Hazırda təkadamlıq kamerada saxlanılır," AXCP-nin aprelin 29-da yaydığı məlumatda deyilir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat uydurma xarakterlidir.