AXCP fəalı həbs edilib

AXCP sədri Əli Kərmli və partiya fəalı Mütəllim Orucov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Mütəllim Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə AXCP məlumat yayıb.

Məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Mütəllim Orucov bu ilin iyunun 1-də Almaniyadan deportasiya olunub.

AXCP sədri Əli Kərimli bildirirb ki, Mütəllim Orucov narkotiklə şərlənərək həbs olunub.

“Mütəllim Orucov bir neçə il idi ki, Almaniyada yaşayırdı. Almaniyada yaşadığı müddətdə Azərbaycandakı siyasi məhbusların müdafiəsinə həsr olunmuş etiraz aksiyalarında fəal iştirak edib. Hökumət də Mütəllim bəydən həmin fəallığın qisasını alır. Mütəllim bəy bu ilin iyun ayında Almaniyadan deportasiya olunub. Rejimin əlinə fürsət düşüb ki, qisas alsın. Onu utanmadan, nümayişkaranə şəkildə şərləyiblər. Sonra da istəyirlər ki, cəmiyyət bunların repressiya aparatının irəli sürdüyü uydurma ittihamları ciddiyə alsın,” AXCP sədri Facebook səhifəsində yazıb.