Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev 30 sutka inzibati həbsə məhkum edilib.
Bu barədə AXCP məlumat yayıb.
Məlumatda deyilir ki, partiyanın digər fəalları Nicat Abdullazadə və Ceyhun Novruzov isə 50 manat məbləğində inzibati qaydada cərimələnib.
"Mən, Ceyhun Novruzov və Zamin Salayev Səbail rayon ərazisində yerləşən kafelərdən birinə gəlmişik, yemək sifariş vermişik. Birdən kafeyə özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər daxil oldu və bizi saxladı. Qanımızda alkoqolun olub-olmamasını yoxlamaq üçün ekspertizaya apardılar. Mənim qanımda heç nə tapılmadı, Ceyhun və Zamin bəyin qanında guya alkoqol izləri çıxdı. Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük. Məni və Novruzovu 50 manat məbləğində cərimələdilər, Zamin Salayevi isə Səbail rayon Məhkəməsinə apararaq İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək 30 sutka inzibati qaydada həbsə məhkum etdilər," Nicat Abdullazadə bildirib.
Abdullazadə hesab edir ki, Salayevin saxlanılmasının səbəbi Salyan rayonunun polisi barədə çəkdiyi video ilə bağlıdır.
Məsələ ilə bağlı rəsmi qurumlar hələ münasibət bildirməyib.
AXCP sədri Əli Kərimli ironiya ilə yazıb ki, Daxili İşlər Nazirliyi `2020-ci ildə müxalifətçilərin həbsini açıq elan edib`.
“Daxili İşlər Nazirliyi yada salır ki, artıq 2020-ci ildir. AXCP fəallarının yenidən şərlənərək həbs olunması mövsümü açıq elan edilib. 2019-cu ildə keçirilən mitinqlərə və digər fəaliyyətlərimizə görə 100 nəfər AXCP funksioneri (2 nəfər cinayət işi, 98 nəfər inzibati həbs olmaqla) həbs olunmuşdu. AXCP Salyan şöbəsinin fəalı Zamin Salayev bu gün 30 sutka müddətinə həbs olunub. Zamin bəy ötən il də 4 dəfə şərlənərək həbs olunmuşdu. Azərbaycanda real müxalifət olmaq bu qədər çətinləşib. Ancaq gördüyünüz kimi, həbsləri gözə almış fədakar insanların sayəsində hələ də mümkündür. Ən əsası isə indi artıq xalqın əksəriyyəti bu korrupsioner və kriminal rejimə müxalifətdədir” , AXCP sədri Facebook səhifəsində yazıb.