AXCP fəalı Elnur Məcidli həbsdən azad edilib

Elnur Məcidli AXCP sıralarında fəaliyyətini davam etdirəcək

Mayın 15-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı AXCP fəalı Elnur Məcidli həbsdən azadlığa buraxılıb. Bu barədə Elnur Məcidlinin atası Arzuman Məcidli Amerikanın Səsi radiosuna bildirib.

Elnur Məcidli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonra ictimai qaydanı pozma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bu dəqiqələrdə həbsdən azad edilən Elnur Məcidli Amerikanın Səsi radiosuna bildirib ki, bu gün məhkəmə keçirilib və şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq qərarı qəbul edib. “Bu qərar Azərbaycan məhkəmələrinin obyektivliyindən xəbər vermir. Sadəcə. Eurovision qabağı beynəlxalq təzyiqlərin nəticəsində məhkəmə bu qərarı qəbul edib”.

O siyasi fəaliyyətini AXCP sıralarında davm etdirəcəyini bildirib. “Mən əqidəmə sadiqəm və demokratiya uğrunda mübarizəmi davam etdirəcəm”, - deyə o qeyd edib.