AXC parlamentindən asılmış bayraq 100 il sonra Azərbaycana qaytarılıb

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağı yenidən Azərbaycana qaytarılıb.

AZƏRTAC dövlət agentliyinin məlumatına görə, 100 il əvvəl Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağı mayın 24-də Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub.

N.Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən Azərbaycana gətirilməsini mühüm hadisə adlandırıb.

AXC dövrünə aid kitablar

Bildirilib ki, bolşevik işğalı nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri idi. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını özü ilə Türkiyəyə aparıb. Mühacir həyatı sürən Mirzə Bala Məmmədzadə yaşadığı ölkələrdə - İranda, Türkiyədə, Polşada və Almaniyada bayrağı qoruyub saxlayıb.

Onun varisi bayrağın İstanbulda təhsil alan və Cümhuriyyətlə bağlı tədqiqat aparan Əfqan Vəliyevə verilməsini və Azərbaycana qaytarılmasını vəsiyyət edib. Dövlət xətti ilə İstanbul Universitetində təhsil alan tədqiqatçı Əfqan Vəliyev, həmçinin Türkiyədə Xalq Cümhuriyyəti hökumətinin mühacir nümayəndələrinin qohumları ilə əlaqələr yaradaraq, o dövrə aid çoxlu arxiv materialları da əldə edib.