Avstraliya yanğınlarında milyonlarla hektar ərazi məhv olub

Avstraliya yanğınsöndürənləri üç aydan çox müddətdə milyonlarla hektar ərazinin yanmasına səbəb olmuş kütləvi yanğınlara qarşı mübarizəni gücləndirmək üçün hava şəraitinin dəyişməsindən faydalanır.

Həftə ərzində Avstraliyanın cənub-şərqində yağışlı sərin hava şəraiti gözlənilir. Bu yanğınsöndürənlərə yanan ərazini mühasirəyə almaq, torpağı bitkilərdən təmizləmək və yanmış əraziləri nəzarətdə saxlamaq üçün vaxt verir.

“Hələ də ölkədə 130 yerdə yanğınlar davam edir və 60-dan çox ərazi mühasirəyə alınmayıb. Yaxşı xəbər odur ki, bu yanğınların hamısı başlanğıc mərhələsindədir, yəni heç kimə heç bir təhlükə və narahatlıq yaratmır. Bəzi yanğın yerlərində hava şəraiti daha mülayimdir və hətta yüngül yağışlar da yağır. Beləliklə, nəticələr bir az müxtəlifdir. Şübhəsiz ki, bir az psixoloji və emosional rahatlıq tapmışıq, yanğın şəraitinin azalması bizə yaxşı təsir edib.” - Yeni Cənubi Uels bölgəsi yanğın xidməti komissarı Şeyn Fitzsimmons bildirib.

Yağışlı hava şəraiti Yeni Cənubi Uels, Viktoriya, Cənubi Avstraliya və Kvinslend ştatlarında yüzlərlə yerdə davam edən yanğınları söndürmək üçün kifayət deyil.

Yanğın fəlakəti sentyabrda başlayandan bəri ən azı səkkiz milyon hektar ərazi, 2000-dən çox ev məhv olub və ən azı 25 nəfər ölüb.

Yanğınlara verdiyi reaksiya üçün sərt tənqidlərə məruz qalan Baş Nazir Skot Morrison sakinlər, müəssisələr və əkinçilərə kömək edən yardım fonduna 1.4 milyard dollar ayrılacağını vəd edib.