Avstraliyanın Baş naziri Toni Abbott Sidneydə kafedə insanların girov götürülməsini “problemli şəxsin xəstə fantaziyası” adlandırıb.
Baş nazir Abbott bu gün hadisə qurbanlarının anım mərasiminə qatılıb. Zorakılıq hadisəsi polisin girov götürülmüş insanları xilas etmək üçün sübh tezdən kafeyə reyd keçirməsi ilə dayandırılıb. Atışma zamanı girov götürülmüş iki nəfər və silahlı şəxs ölüb.
Hadisə qurbanlarının xatirəsinə müvəqqəti ucaldılmış abidə üzərinə əklil qoyan cənab Abbott hadisəni törətməkdə şübhəli bilinən iranlı şəxsin psixoloji problemlərə və cinayətkar keçmişə malik və ekstremizmə cəlb edilmiş bir insan olduğunu deyib.
50 yaşlı şübhəli şəxs Harun Munisi Avstraliya rəsmilərinə yaxşı məlumdur. Lakin cənab Abbott onun adının terrorçu siyahısında olmadığnı bildirib.
Özünü müsəlman ruhanisi elan etmiş Harun Munis 2013-cü ildə keçmiş həyat yoldaşının ölümü ilə əlaqədar həbs edildikdən sonra zaminə buraxılıb. O həm də Əfqanıstanda həlak olmuş avstraliyalı əsgərlərin valideyinlərinə təhdidedici məktublar göndərməkdə təqsirli bilinib.
Munis girov götürdüyü insanları əllərində islamçı məzmunlu bəyanatlar yazılmış bayraqlar tutmağa məcbur edib. Mətbuata verdiyi bəyanatda o, İslam Dövləti qrupunu dəstəklədiyini deyib.
Avstraliya rəsmiləri Munisin heç-bir terrorçu qrupla əlaqəsi olmadığına inandıqlarını bildirib.