AŞPA-nın 11 deputatı Azərbaycanı insan haqlarının pozulması faktlarına son qoyulmasına çağırıb

Avropa Şurası Azərbaycanda irqçiliyə qarşı mübarizə üzrə məruzə yayıb

Müraciəti Avstriya, Niderland, İsveçrə, İtaliya, İrlandiya, Danimarka, İsveçdən olan deputatlar, o cümlədən AŞPA-nın vitse-prezidenti imzalayıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 11 üzvü prezident İlham Əliyevə açıq məktub yazaraq ölkədə insan haqlarının durumu və vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı narahatlıqlarını ifadə edib.
Turan agentliyi məktubun mətnini yayıb:

“Sizə ölkənizdə insan hüquqlarının son durumu və azad sahibkarların mülkiyyətlərinin zorla özgəninkiləşdirilməsi, onların biznesinin ələ keçirilməsi haqqında son hesabatlardan narahat olduğumuz üçün yazırıq.

Korrupsiya və nepotizmə bulaşmış hökuməti özünün yeni məqaləsində tənqid edən Nida gənclər hərəkatının rəhbəri, bloqer Zaur Qurbanlının hüquqi normaların pozulması ilə həyata keçirilən müəmmalı həbsi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası və onun protokollarında təsbit edilmiş fundamental insan hüquq və azadlıqlarını təmin edəcəyi və qoruyacağı haqda Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bir araya sığmır. Bu, sadəcə Azərbaycanın götürdüyü öhdəliklərin icrası ətrafındakı situasiyanı daha da mürəkkəb etməklə Avropa Şurası və üzv dövlət arasındakı əməkdaşlığın keyfiyyətini zədələyir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən qeydə alınmış və yayılmış Nurəddin və Loğman Zülfüqarlı qardaşlarına məxsus “Bakı Elektroştamp” və “Baki Poladtökmə” zavodlarının zorla özgəninkiləşdirilməsi məlumatları Azərbaycanda mülkiyyət hüququna dövlət təminatında ciddi problemlərin olduğunu göstərir. Əksinə, yerli və beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında göstərildiyi kimi bütün bu qanunsuzluqlardan xəbərdar olan yüksək rütbəli hökumət rəsmiləri Zülfüqarlı qardaşlarına bunu sakit qarşılamağı və etiraz etməməyi məsləhət görüb və nəticədə qardaşların ölkəni tərk etməkdən başqa yolları qalmayıb.

Hüquqi yolla onların hüquqlarının bərpasının uğursuzluğu ölkə daxilində hüquq müdafiə vasitələrinin tükənməsi faktını aşkara çıxarır və bu da öz növbəsində qurbanları məsələni Avropa İnsan Haqları Məhkəməsinə götürməyə sövq edəcək.

Biz vəkil və hüquq müdafiəçiləri tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh hökumət qurumları tərəfindən heç bir addım atılmaması faktına təəssüf edirik. Bu isə öz növbəsində dövlət tərəfindən Azərbaycanda qanunun aliliyinin təmin edildiyi haqda bəyanatlara şübhə salır.

Zülfüqarlı qardaşlarının mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Nərimanov, Binəqədi, Yasamal, Xətai rayon, 1 saylı Bakı İnzibati-İqtisadi, eləcə də yuxarı instansiya məhkəmələrinə ardıcıl müraciətlər də nəticəsiz qalıb.

Ən təəssüfləndirici fakt isə bütün bu qanunsuzluqların bir müddət əvvəl Zülfüqarlı qardaşlarının mülkiyyətinə hücumlarla müşayiət edilərək davam etdirilməsi və onların biznesinin tamamilə zəbt edilməsi ilə nəticələnməsidir.

Sosial sabitliyin və bazar iqtisadiyyatının əsasını mülkiyyətin toxunulmazlığı təşkil etdiyi üçün Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq mülkiyyəti toxunulmaz elan etməklə bərabər, mülkiyyətin dövlət tərəfindən müdafiə olunmasına da təminat verir. Azərbaycanda azad sahibkarlara qarşı basqı ölkədə sərmayə mühitinə ciddi risk altına qoyur.

Azərbaycan Avropa Şurasının üzv ölkəsi kimi İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasına qoşulub və fundamental insan hüquq və azadlıqlarını təmin etmək barəsində üzərinə öhdəlik götürüb. Zülfüqarlı qardaşlarının işində Avropa Konvensiyasının “Azadlıq və təhlükəsizlik hüququ” (maddə 5), “İşgəncənin qadağan edilməsi” (maddə 3), “Ədalətli mühakimə hüququ” (maddə 6), “Səmərəli hüquqi müdafiə vasitəsi hüququ” (maddə 13), habelə Fundamental hüquq və azadlıqların müdafiəsi üzrə Konvensiyanın Fakültativ Protokolunun (Paris, 20.03.1952) “Mülkiyyəti qorumaq hüququ” (maddə 1), Konvensiyanın 7 saylı protokolu (Strasburq, 22.11.1984), “Yanlış cəzaya görə kompensasiya” (maddə 3) tələbləri də ciddi şəkildə pozulub.

Gənc fəal Zaur Qurbanlının saxlanması və həbsi yaxınlarına bu barədə məlumat verilməməsi, yerli hüquq müdafiə təşkilatlarının verdiyi məlumata görə həmkarları əleyhinə ifadə verməyə məcbur edilməsi kimi hüquqi prosedurların pozulması ilə müşayiət edilib. Bu əsaslı ehtimallar Azərbaycanın fundamental insan hüquq və azadlıqlarının təmini sahəsində irəliləyiş əldə etməsi haqda düşünməyə əsas vermir.

Azərbaycanı qabaqcıl demokratiya və insan hüquq və azadlıqlarına artan hörmət bəsləyən bir xətdə görmək istəyən eyni Avropa ailəsinin üzvləri kimi Sizi Zülfüqarlı qardaşları və onların mülkiyyətinə qarşı qanunsuz əməllər törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi və sahibkarların fəaliyyətinin bərpası üçün mümkün addımları atmaqda dəstəkləyirik. Biz eyni zamanda sizi Zülfüqarlı qardaşlarının yuxarıda qeyd edilib, milli və beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş hüquqlarını təmin etməyə səsləyirik.

Biz həmçinin Azərbaycan hakimiyyətini siyasi motivlərlə gənc və siyasi fəallara qarşı təqiblərə son qoymağa və Azərbaycanın Avropa Şurası qarşısında götürmüş olduğu öhdəliklərin yerinə yetirilməsində irəliləyiş etməyə çağırırıq”.

Müraciəti Avstriya, Niderland, İsveçrə, İtaliya, İrlandiya, Danimarka, İsveçdən olan deputatlar, o cümlədən AŞPA-nın vitse-prezidenti, hollandiyalı deputat Tini Kox imzalayıb.